Hindistanın Rusiya xam neftindən asılılığı iyul ayında tarixi maksimuma yüksəlib.
Editor.az xəbər verir ki, Reuters-in ticarət mənbələrindən əldə etdiyi məlumatlara görə, iyul ayında Rusiya nefti Hindistanın ümumi xam neft idxalının 50,83 faizini təşkil edib. Rusiyadan Hindistana tədarük gündəlik 2,47 milyon barelə çatıb. Bu göstərici ötən ilin iyul ayı ilə müqayisədə 62,4 faiz çoxdur.
Bununla belə, iyul göstəricisi iyunda qeydə alınan gündəlik 2,6 milyon barellik rekord həcmdən 4,8 faiz aşağıdır.
Məlumata görə, Yaxın Şərqdə, xüsusilə İran müharibəsi fonunda yaranan təchizat problemləri Hindistanın Rusiya neftinə tələbatını artırıb. Hindistan emalçıları regiondan tədarükün azalması səbəbindən Rusiya xammalının alışını davam etdiriblər.
Aprel-iyul aylarında Rusiya Hindistanın ən böyük xam neft tədarükçüsü olaraq qalıb. Bu dövrdə Rusiyanın Hindistanın neft idxalındakı payı 43,25 faizə yüksəlib. Eyni zamanda, Yaxın Şərq ölkələrinin payı ötən ilin 43 faizindən təxminən 30 faizə qədər azalıb.
Latın Amerikası ölkələrinin, xüsusilə Braziliya və Venesuelanın payı isə 3,5 faizdən 12,7 faizə yüksəlib.
Hindistan neft tələbatının 90 faizindən çoxunu idxal hesabına ödəyir. Bu səbəbdən qlobal enerji bazarında baş verən dəyişikliklər ölkənin enerji təhlükəsizliyi və iqtisadiyyatı üçün xüsusi əhəmiyyət daşıyır.
Bununla yanaşı, ABŞ Senatında Rusiya nefti alan ölkələrə 100 faizlik tariflərin tətbiqini nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi Hindistanın gələcəkdə Rusiya neftindən alışlarını davam etdirib-etdirməyəcəyi ilə bağlı qeyri-müəyyənliyi artırıb. Sənədin qüvvəyə minməsi üçün Nümayəndələr Palatasının təsdiqi tələb olunur.
//Samir Qurbanov, Editor.az

