Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə ağır korrupsiya ittihamlarıbackend

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə ağır korrupsiya ittihamları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin fəaliyyəti ilə bağlı bir sıra ciddi iddialar gündəmə gəlib.

Editor.az Yerli.media saytına istinadən xəbər verir ki, idarənin rəisi Nail Məmmədovun fəaliyyəti dövründə əsassız pul yığımları, müəllimlərin dərs saatlarından vəsaitlərin tutulması, dəftərxana ləvazimatlarının alınması adı altında keçirilən tenderlərdə mənimsəmə halları, Həmkarlar İttifaqına toplanan vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, müəllimlərə ayrılan dərs saatlarının qeyri-rəsmi şəkildə satılması və tarixi-mədəni abidələrin qorunması üçün ayrılan maliyyənin mənimsənilməsi ilə bağlı məlumatlar mövcuddur.

Məlumatlarda bildirilir ki, Azərbaycan xalqının çoxəsrlik tarixi və mədəni irsinin qorunması, bərpası və mühafizəsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsində şəffaflıqla bağlı ciddi suallar yaranıb. Xüsusilə, tarixi-mədəniyyət abidələrinin qorunması üçün ayrılan maliyyə vəsaitlərinin təyinatı üzrə istifadə edilmədiyi iddia olunur.

Eyni zamanda, regionun musiqi məktəblərində bəzi müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirildiyi, bunun müqabilində isə onların əməkhaqlarından müəyyən məbləğlərin tutulduğu bildirilir. İddialara görə, bu vəsaitlər digər qanunsuz gəlirlərlə birlikdə mütəmadi şəkildə toplanır.

Mənbənin məlumatına əsasən, Gəncə-Daşkəsən regionunda fəaliyyət göstərən musiqi məktəbləri, mədəniyyət evləri, kitabxanalar, rəsm məktəbləri, qalereyalar, klublar, muzeylər və digər mədəniyyət müəssisələrində həyata keçirilən tikinti, cari və əsaslı təmir işləri üçün ayrılan dövlət vəsaitlərinin bir hissəsinin nağdlaşdırılaraq mənimsənilməsi ilə bağlı da məlumatlar var.

Bundan başqa, iddialarda qeyd olunur ki, Regional Mədəniyyət İdarəsində keçirilən tender prosesləri zamanı iştirakçı şirkətlərlə bağlı qərarlar Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə razılaşdırılır. Mənbə tender şirkətlərinin müəyyən edilməsində nazir müavininin rolunun olması ilə bağlı sualların yarandığını vurğulayır.

İddialara görə, 2025-2026-cı illərdə cari təmir işlərinin aparılması üçün ayrılmış tender vəsaitlərinin təxminən 10 faizinin mənimsənildiyi, bu prosesdə bəzi podratçı şirkətlərin də iştirak etdiyi bildirilir.

Qeyd olunan hallar təsdiqini tapacağı təqdirdə, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı, rüşvətalma və digər korrupsiya xarakterli hüquq pozuntuları kimi qiymətləndirilə bilər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.