Dietoloq və qidalanma davranışı üzrə mütəxəssis Olqa Romaşinanın sözlərinə görə, fastfud və digər yüksək dərəcədə emal olunmuş qidaların qəbulundan sonra yaranan əsəbilik, halsızlıq və əhval-ruhiyyənin aşağı düşməsi orqanizmdə baş verən fizioloji proseslərlə əlaqəlidir.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
Mütəxəssis bildirir ki, əsas səbəblərdən biri sürətli karbohidratların yaratdığı qan şəkərinin kəskin dəyişməsidir. Belə qidalar qanda qlükozanın sürətlə yüksəlməsinə və qısa müddətli enerji artımına səbəb olur. Ardınca isə şəkərin səviyyəsi sürətlə aşağı düşür ki, bu da narahatlıq, apatiya və ümumi zəiflik hissini gücləndirə bilər.
Romaşinanın fikrincə, ultraemal olunmuş məhsullarda olan transyağlar və bəzi qida əlavələri də mənfi təsir göstərə bilər. Bu maddələr bağırsaq mikroflorasına təsir edərək serotoninlə əlaqəli proseslərə təsir göstərə və nəticədə insanın psixoemosional vəziyyətinin pisləşməsinə səbəb ola bilər.
Mütəxəssis həmçinin qidalanma ilə bağlı günahkarlıq hissinin mənfi emosiyaları daha da gücləndirə biləcəyini qeyd edib.
Bununla belə, dietoloq fastfudu tamamilə qadağan etməyə ehtiyac olmadığını vurğulayıb. Onun tövsiyəsinə əsasən, rasionun təxminən 80 faizini sağlam qidalar təşkil etməli, daha az faydalı məhsullar isə yalnız ara-sıra qəbul edilməlidir.
//Gülnarə Abasova, Editor.az

