Almaniya hökuməti ölkənin müdafiə potensialını gücləndirmək məqsədilə 2030-cu ilədək 800 milyard avrodan artıq borclanmağı planlaşdırır.
Editor.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti hökumətin büdcə layihəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Almaniya hökuməti Soyuq müharibədən bəri görünməmiş səviyyədə müdafiə xərclərini artırmağı hədəfləyir. Kansler Fridrix Mertsin rəhbərlik etdiyi hökumətin hazırladığı yeni büdcə layihəsi ölkənin uzun illər davam edən sərt maliyyə intizamı siyasətində tarixi dönüş kimi qiymətləndirilir.
“Financial Times”ın əldə etdiyi büdcə proqnozlarına əsasən, Berlin administrasiyası 2027–2030-cu illər ərzində təxminən 838 milyard avro məbləğində borclanmağı nəzərdə tutur. Bununla da Almaniyanın ümumi borclanmasının 2030-cu ilədək 800 milyard avro həddini aşacağı gözlənilir.
Nəşrin yazdığına görə, yalnız 2027-ci ildə Almaniya hökumətinin 200 milyard avrodan çox borc cəlb etməsi planlaşdırılır. Bu göstərici cari illə müqayisədə təxminən 12,5 faiz çoxdur.
Ekspertlərin fikrincə, nəzərdə tutulan vəsait əsasən müdafiə sənayesinin inkişafına, silahlı qüvvələrin modernləşdirilməsinə və ölkənin hərbi imkanlarının genişləndirilməsinə yönəldiləcək.
//Gülnarə Abasova, Editor.az

