2020-ci ildə 2-ci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında antiterror əməliyyatından sonra Cənubi Qafqazda yaranmış yeni reallıq hələ tam oturuşmamışkən, Ermənistanda keçiriləcək 7 iyun seçkiləri regionun gələcək siyasi trayektoriyasını dəyişə biləcək hadisə kimi qiymətləndirilir. Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyətdə qalması ilə Robert Köçəryan və ya Samvel Karapetyan kimi revanşist və daha çox rusiyayönümlü qüvvələrin önə çıxması arasında fərq artıq yalnız Ermənistanın daxili siyasəti ilə ölçülmür. Bu fərq Bakı ilə sülh müqaviləsinin taleyindən tutmuş, Rusiyanın regiona qayıdış imkanlarına qədər uzanan böyük geosiyasi məsələləri əhatə edir.
Qərb analitik mərkəzləri son aylarda yaydıqları hesabatlarda açıq şəkildə bildirirlər ki, Paşinyan bütün ziddiyyətlərinə baxmayaraq, Ermənistan tarixində ən uzaqgörən liderdir. Karneqi Fondu tərəfindən yayılan son təhlillərdə qeyd olunur ki, İrəvan artıq “maksimalist Qarabağ siyasətindən” geri çəkilməyə məcbur olub. Analitik Tomas de Vaal yazır ki, Ermənistanın əvvəlki status-kvo siyasətinə qayıtması nə hərbi, nə də siyasi baxımdan real görünür.
Eyni mövqe Beynəlxalq Krizis Mərkəzi tərəfindən də bölüşülür. Təşkilatın hesabatında vurğulanır ki, Bakı və İrəvan arasında sülh sazişinin əsas konturları faktiki olaraq razılaşdırılıb, lakin Ermənistan daxilindəki siyasi müqavimət prosesi ləngidir. Məhz bu nöqtədə Ermənistan seçkiləri region üçün kritik mərhələyə çevrilir.

Ermənistandakı seçkiqabağı durumu Musavat.com üçün şərh edən siyasi ekspert Kamran Məmmədlinin fikrincə, Paşinyanın siyasəti ideoloji seçimdən daha çox geosiyasi məcburiyyətin nəticəsidir:
“Ermənistan 2020-ci ildən sonra reallıqla üz-üzə qaldı. Paşinyan bunu qəbul edən ilk lider oldu. O anlayır ki, nə Qarabağ məsələsini əvvəlki formata qaytarmaq mümkündür, nə də Azərbaycan üzərində əvvəlki təzyiq mexanizmləri işləyir. Köçəryan və ya Karapetyan hakimiyyətə gəlsə belə, onlar emosional və revanşist ritorikanı gücləndirə bilərlər, amma regionun dəyişmiş güc balansını dəyişə bilməyəcəklər”.
Ekspert hesab edir ki, əsas təhlükə yeni müharibə yox, sülh prosesinin uzadılmasıdır:
“Ən real ssenari odur ki, revanşist qüvvələr hakimiyyətə gəlsələr, sülh sazişi illərlə yubana bilər. Ermənistan yenidən Qarabağ ermənilərinin hüquqları, geridönüş məsələsi və beynəlxalq mexanizmlər kimi mövzuları gündəmə gətirməyə çalışacaq. Bu isə regionda gərginliyi saxlayacaq”.
Seçkilərin ən mühüm tərəflərindən biri də Kremlin prosesə münasibətidir. Son iki ildə Paşinyan hakimiyyəti Rusiyadan məsafələnməyə çalışıb. Ermənistan KTMT-ni açıq tənqid edib, Avropa İttifaqı müşahidə missiyasını ölkəyə yerləşdirib və Qərblə siyasi inteqrasiyanı sürətləndirib. Kreml Ermənistanın anti-Rusiya orbitinə çəkildiyini düşünür və Paşinyana etimad minimum həddə düşüb.
Kamran Məmmədlinin fikrincə, Robert Köçəryanın mümkün qayıdışı Moskva üçün strateji revanş ola bilər:
“Köçəryan Rusiyanın Cənubi Qafqazdakı ən etibarlı tərəfdaşlarından biri hesab olunur. Onun hakimiyyətə gəlməsi Ermənistanın yenidən Kremlin təhlükəsizlik orbitinə qaytarılması anlamına gələ bilər. Bu isə regionda Qərbin təsir imkanlarını azaldacaq”.
Qarabağ məsələsi yenidən alovlana bilərmi?
Ekspertin sözlərinə əsasən, Qərb analitiklərinin əksəriyyəti hesab edir ki, Qarabağın status məsələsi artıq bağlanıb:
“Azərbaycan 2023-cü ilin sentyabrında bölgəyə tam nəzarəti bərpa etdikdən sonra beynəlxalq sistem də yeni reallığı qəbul etməyə başladı. Buna baxmayaraq, seçki sonrası revanşist qüvvələrin hakimiyyətə gəlməsi informasiya və diplomatik müstəvidə yeni kampaniyaların başlamasına səbəb ola bilər”.
Kamran Məmmədli deyib ki, bu dəfə mübarizə daha çox siyasi və ideoloji olacaq:
“Ermənistanın hərbi resursları əvvəlki dövrlə müqayisədə xeyli zəifləyib. Ona görə də Köçəryan və ya Karapetyan açıq hərbi qarşıdurmadan daha çox beynəlxalq təzyiq mexanizmlərinə üstünlük verməyə çalışacaqlar. Amma burada da ciddi nəticə əldə etmək çətindir, çünki beynəlxalq aktorların böyük hissəsi artıq ərazi bütövlüyü prinsipini qəbul edib”.
Ekspert bildirib ki, Ermənistanda hakimiyyətin kimə keçəcəyindən asılı olmayaraq, bir reallıq artıq dəyişməyəcək:
“2020-ci ildən əvvəlki Cənubi Qafqaz artıq mövcud deyil. Bu gün regionda əsas sual Qarabağın statusu deyil. Əsas sual Ermənistanın yeni geosiyasi reallığı nə qədər tez qəbul edəcəyidir”.


