İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində 2026-cı il 13 avqust tarixində mina partlayışı hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıblar.
Bildirilib ki, Tərtər rayonunun Qaynaq kənd sakini, 1953-cü il təvəllüdlü Kamran Şükür oğlu Süleymanov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

