Samux rayonunun Alıuşağı kəndində qeydə alınan hadisə cəmiyyətdə ciddi narahatlıq yaradıb, belə ki, ilkin müayinələr nəticəsində 5 nəfərdə qarayara xəstəliyinin əlamətləri müəyyən olunub və onlar dərhal Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər.
Baş verən bu hadisə fonunda vətəndaşlar arasında haqlı olaraq “bu, pandemiya halını ala bilərmi və ölkədə karantin elan ediləcəkmi?” sualları aktuallaşıb. Qarayaranın xarakteri, yoluxma yolları və mövcud epidemioloji vəziyyət göstərir ki, bu cür təhlükəli infeksiyalar zamanı əhali arasında təşvişə düşmək yersizdir, lakin maksimum diqqət və profilaktik tədbirlərin görülməsi zəruridir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan tanınmış həkim, professor Adil Qeybulla qeyd edib ki, qarayara və ya tibbi ədəbiyyatda gedən adı ilə Sibir xorası əsasən heyvanlardan insanlara keçən xüsusi təhlükəli zoonoz infeksiyadır və bu xəstəliyin bioloji xüsusiyyətləri onun kütləvi pandemiya yaratmasına imkan vermir: “Qarayara birbaşa insandan insana ötürülən infeksion xəstəlik deyil. Bu səbəbdən də onun COVID-19 kimi qlobal miqyasda sürətlə yayılması və ölkədə ümumi karantin rejiminin elan olunması üçün heç bir elmi əsas və ya epidemioloji təhlükə mövcud deyil. Yoluxma adətən xəstə heyvanlarla birbaşa təmas, onların qulluğu, kəsimi və ya baytar nəzarətindən keçməmiş, kifayət qədər termiki işlənməmiş yoluxmuş ət məhsullarının istehlakı zamanı baş verir. Xəstəliyin əsas forması olan dəri formasında bakteriyalar dəridəki mikrozədələr vasitəsilə bədənə daxil olur və xarakterik qara qartmaca səbəb olur. Karantin tədbirləri yalnız xəstəliyin aşkar olunduğu lokal ocaqlarda, heyvandarlıq təsərrüfatlarında və müvafiq sanitar-epidemioloji məhdudiyyətlər çərçivəsində tətbiq oluna bilər, lakin ümumi ölkə miqyasında hər hansı karantin rejimindən söhbət gedə bilməz”.
Onun sözlərinə görə, bu cür lokal halların qarşısının alınması üçün operativ şəkildə mənbə müəyyənləşdirilməli, xəstə heyvanlar və onların təmasda olduğu obyektlər dərhal zərərsizləşdirilməlidir: “Samuxdakı 5 nəfərin yoluxma mənbəyi dərindən araşdırılmalı, hansı heyvandan və ya hansı məhsuldan yoluxmanın baş verdiyi dəqiq təspit olunmalıdır. Əgər hər hansı təsərrüfatda qarayara faktı təsdiqini tapırsa, həmin ərazidə baytar-sanitar qaydalarına sərt şəkildə əməl olunmalı, dezinfeksiya işləri aparılmalı və təhlükəli ət məhsullarının satışının qarşısı qətiyyətlə alınmalıdır. Vətəndaşlarımız da öz növbəsində yalnız rəsmi baytar nəzarətindən keçmiş, saxlanma şəraiti məlum olan və sertifikatlaşdırılmış ət məhsullarından istifadə etməlidirlər. Vaxtında aparılan tibbi müdaxilə və antibiotikoterapiya qarayara xəstəliyinin müalicəsində yüksək nəticə verir, buna görə də xəstələrin nəzarət altında olması və vaxtında xəstəxanaya müraciət etməsi ən mühüm amildir”.

