“Vladimir Putin artıq Ukraynada hərbi qələbə əldə edə bilməz və müharibənin davam etməsi yalnız daha böyük humanitar fəlakət və nüvə eskalasiyası riskini artırır”.
Musavat.com xəbər verir ki, bu sözləri Rusiyanın tanınmış müstəqil jurnalisti, Nobel Sülh Mükafatı laureatı Dmitri Muratov deyib. O, Kremlin Ukrayna siyasətini kəskin tənqid edib.
BBC-nin Moskva redaktoru Stiv Rozenberqin hazırladığı reportajda qeyd olunur ki, vaxtilə Rusiyanın ən nüfuzlu müstəqil nəşrlərindən biri olan “Novaya Qazeta”nın Moskva redaksiyası indi demək olar ki, boş qalıb. Qəzetin həmtəsisçisi və uzun illər baş redaktoru olmuş Dmitri Muratov “Artıq qəzet yoxdur” sözləri ilə nəşrin acı taleyini təsvir edib.
Muratovun sözlərinə görə, Kremlin qərarı ilə qəzetin mətbəələri dövlət nəzarətinə keçirilib, nəşrin qeydiyyatı ləğv olunub, internet saytı isə Rusiyada bloklanıb. Hazırda “Novaya Qazeta”nın materiallarına yalnız VPN vasitəsilə və ya xaricdən daxil olmaq mümkündür.
2021-ci ildə “ifadə azadlığının qorunmasına verdiyi töhfəyə görə” Nobel Sülh Mükafatına layiq görülən Muratov xatırladıb ki, qəzetin altı əməkdaşı peşə fəaliyyətinə görə öldürülüb. Onların arasında Çeçenistan müharibəsi ilə bağlı araşdırmaları ilə tanınan jurnalist Anna Politkovskaya da var.
Muratov hesab edir ki, Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlanmasından sonra Rusiyada söz və fikir azadlığına qarşı misli görünməmiş repressiyalar həyata keçirilir.
Onun sözlərinə görə, yüzlərlə ictimai fəal və jurnalist “xarici agent”, “ekstremist” və ya “terrorçu” elan edilib. Nobel laureatı bildirib ki, mühafizəkar hesablamalara əsasən, 2022-ci ildən bəri dövlət siyasətinə etiraz etdiyinə görə azı 1500 nəfər həbs olunub.
Muratov bunu Sovet İttifaqının ən sərt repressiya dövrləri ilə müqayisə edərək bildirib ki, bu rəqəm KQB dövründəki siyasi məhbusların sayından dəfələrlə çoxdur.
Müsahibənin əsas diqqət çəkən hissəsi Muratovun Ukrayna müharibəsi ilə bağlı fikirləri olub. Onun sözlərinə görə, beş ilə yaxın davam edən qanlı qarşıdurmadan sonra hər hansı tərəfin bunu “qələbə” adlandırması mümkün deyil.
“İki slavyan xalqı bir milyondan çox insanın həyatını məhv edibsə, buna qələbə demək olmaz”.
Muratov hesab edir ki, Ukraynanı dağıtmaq mümkün olsa da, onu fəth etmək mümkün deyil.
O, eyni zamanda nüvə silahı ilə bağlı ritorikanın getdikcə artmasının narahatlıq doğurduğunu bildirib. Jurnalist qeyd edib ki, ilin əvvəlindən bəri Rusiya informasiya məkanında nüvə silahından istifadənin zəruriliyi yüzlərlə dəfə gündəmə gətirilib.
Bununla belə, Muratov Putinin həqiqətən nüvə silahından istifadə edib-etməyəcəyini heç kimin dəqiq proqnozlaşdıra bilməyəcəyini vurğulayıb.
Rusiyadakı siyasi vəziyyəti də qiymətləndirən Muratov hesab edir ki, Kreml daxilində parçalanma və ya gizli çevriliş ssenariləri barədə deyilənlər reallığı əks etdirmir.
Onun fikrincə, ölkədə bütün əsas qərarlar Vladimir Putin tərəfindən qəbul olunur və hakim elita ondan çəkinir. Muratov bildirib ki, bu qorxu xüsusilə Federal Təhlükəsizlik Xidməti (FSB) vasitəsilə möhkəmləndirilir.
Muratov deyib ki, onu şəxsi taleyindən daha çox Rusiyada həbs edilən jurnalistlərin, siyasətçilərin və müharibə əleyhdarlarının vəziyyəti narahat edir. O, müxtəlif siyasi məhbusların fotolarını göstərərək onların taleyindən danışıb. Bunların arasında Aleksey Navalnının təşkilatı ilə əlaqədə ittiham edilərək həbs olunan jurnalistlər Antonina Favorskaya, Konstantin Qabov, Sergey Karelin və Artyom Kriger də var. Muratov həmçinin müharibə əleyhinə çıxışlarına görə həbs edilən siyasətçi Aleksey Qorinovu, ukraynalı əsilli pediatr Nadejda Buyanovanı və həbsdə aclıq aksiyası zamanı həyatını itirən pianoçu Pavel Kuşniri də xatırladıb.
Bütün təzyiqlərə baxmayaraq, Nobel laureatı cəmiyyətdə ümidverici əlamətlərin qaldığını bildirib. Onun sözlərinə görə, Moskva küçələrində insanlar açıq danışmağa qorxsalar da, tez-tez pıçıldayaraq jurnalistlərə təşəkkür edir və onların fəaliyyətini dəstəklədiklərini bildirirlər.
Muratov hesab edir ki, bu səssiz dəstək Rusiyada azad sözə ehtiyacın hələ də yaşadığını göstərən ən mühüm siqnallardan biridir.

