Tramp İrana niyə güvənmir? – “Bu etimadsızlıq hələ uzun müddət davam edəcək”backend

Tramp İrana niyə güvənmir? – “Bu etimadsızlıq hələ uzun müddət davam edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları Vaşinqton-Tehran münasibətlərində qarşılıqlı etimadsızlığın hələ də əsas problemlərdən biri olaraq qaldığını göstərir. Tərəflərin bir-birinə qarşı sərt mövqeyi mümkün diplomatik prosesin perspektivlərinə də təsirsiz ötüşmür. Mövcud şəraitdə ABŞ və İran arasında danışıqların davam etdirilməsi ilə yanaşı, tərəflərin qarşılıqlı şərtləri və təhlükəsizlik maraqları ətrafında ciddi fikir ayrılıqları da qalmaqdadır.

Politoloq Elçin Xalidbeyli Editor.az-a açıqlamasında bildirib ki, ABŞ və İran arasında etimadın olmaması tamamilə başa düşülən məqamdır:

“Çünki hər iki tərəf bir-biri ilə müharibə edib, qarşılıqlı zərbələr vurub və müharibə üstəlik hələ də davam edir. Hərbi-siyasi gərginlik öz aktuallığını qoruyur, ona görə də tərəflər, yəni qarşı duran tərəflər bir-birinə etimadsızlığı qoruyub saxlayırlar. Bu da normal haldır.

Təbii ki, etimadsızlığın olması sülh danışıqları prosesini uzadan faktorların sırasına daxildir. Yəqin ki, bu etimadsızlıq hələ uzun müddət davam edəcək. Çünki Amerika Birləşmiş Ştatları İrana güvənmədiyini bəyan etməklə rəsmi Tehrana daha sərt təzyiqlər göstərmək niyyətində olduğunu biruzə verir. Bu da onu göstərir ki, Ağ Ev öz şərt və tələblərindən qətiyyən vaz keçmiş deyil və o şərt və tələblər İran üçün kifayət qədər ağır məzmun daşıyır.

Əgər o tələblər qəbul olunarsa, o zaman İran həm Hörmüz boğazında hegemonluq imkanlarını itirə bilər, həm də İranın nüvə proqramı ləğv edilmiş olar. Təbii ki, rəsmi Tehran bu şərt və tələbləri qəbul etmək istəmir. Eyni zamanda, cavab olaraq Amerika Birləşmiş Ştatlarına etimad göstərmədiyini bildirir.

Təbii ki, İranın da Amerika Birləşmiş Ştatları tərəfindən qəbul olunmayacaq şərt və tələbləri mövcuddur. Və belə bir ziddiyyətli, qəliz bir situasiyada sülh danışıqlarının davam etməsinin özü belə böyük uğur sayıla bilər. Və bu sülh danışıqlarının yaxın vaxtlarda uğurlu nəticələr verə biləcəyinə inanmaq bir qədər sadəlövhlük olardı.

Böyük ehtimalla Amerika Birləşmiş Ştatlarına, daha doğrusu, Tramp administrasiyasına aralıq seçkilərinə qədər bir fasilə ehtiyacı yaranıb. Və bu fasilə ehtiyacının ödənməsindən sonra, yəni aralıq seçkilərinin nəticələri bəlli olduqdan sonra Tramp administrasiyası İranla bağlı daha fərqli mövqedən çıxış edə bilər. Bu da o deməkdir ki, Yaxın Şərqdəki hərbi-siyasi böhranın hələ uzun müddət davam etmə ehtimalı kifayət qədər inandırıcıdır”.

//Gülnarə Abasova, Editor.az