Sumqayıtda 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə baş verdiyi iddia edilir.
Editor.az xəbər verir ki, ilkin məlumata görə, 14 şagird zəhərlənib.
Qeyd edilib ki, hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb edilib.
***
Bu gün Sumqayıt şəhər 36 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı bir qrup şagird özünü pis hiss edib. Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilən məlumata görə, ilkin ehtimallara əsasən şagirdlərdən biri tərəfindən evdən gətirilmiş qənnadı məmulatından sinif yoldaşlarının da istifadə etdiyi müəyyən edilib.
Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.
***
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 17-si oğlan, 4-ü qızdır.
Onlar Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

