FDI FALCON DYNAMIC SYSTEMS AZERBAIJAN ADEX-26 beynəlxalq müdafiə sərgisində yeni hava hücumundan müdafiə sistemi – FDI FALCON-23/4M LIGHTNING-i təqdim edir.
Şirkətin yaydığı məlumata görə, sistemin əsasını FDI FALCON EYE AIR GUARD / IMIFCS çoxplatformalı inteqrasiya olunmuş atəş idarəetmə sistemi təşkil edir. Sözügedən arxitektura müxtəlif komponentlərin vahid idarəetmə və atəş idarəetmə sistemi çərçivəsində inteqrasiyasını nəzərdə tutur.
Məlumata əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin dəstəyi ilə sistem üzrə inteqrasiya işləri, kompleks sınaqlar və döyüş imkanlarının qiymətləndirilməsi həyata keçirilir. Bu çərçivədə poliqon və atış sınaqlarının da keçirildiyi bildirilir.
Şirkət qeyd edir ki, sistemin əsas platforması FDI FALCON DYNAMIC SYSTEMS AZERBAIJAN tərəfindən layihələndirilib, hazırlanıb və istehsal olunub. BIRD radar komponentlərinin isə sistemə ayrıca texnoloji modul kimi inteqrasiya edildiyi vurğulanır.
Şirkətin məlumatında layihənin əsas istiqamətlərindən birinin hava hücumundan müdafiə vasitələrinin müxtəlif platformalar və texnoloji komponentlərlə inteqrasiyası olduğu qeyd edilir.
ADEX-26 sərgisində sistemin təqdimatı ilə yanaşı, FDI FALCON DYNAMIC SYSTEMS AZERBAIJAN Azərbaycanın müdafiə sənayesi sahəsində mühəndislik, sistem inteqrasiyası və istehsal imkanlarını da nümayiş etdirir.
Şirkət sərgi çərçivəsində yeni müdafiə texnologiyaları və sistemləri barədə ziyarətçilərə məlumat təqdim edir.


