Süni intellektin sürətlə inkişafı dünyada əmək bazarının strukturuna və iş proseslərinə yeni yanaşmalar formalaşdırır. Azərbaycan da rəqəmsal transformasiya və innovativ texnologiyaların tətbiqi istiqamətində mühüm mərhələdən keçir. Bu baxımdan süni intellektin yaratdığı imkanlarla yanaşı, əmək bazarında yarana biləcək dəyişikliklərin düzgün idarə olunması, insan kapitalının yeni tələblərə uyğun hazırlanması və gənclərin gələcəyin peşələrinə istiqamətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Ekspertlər hesab edirlər ki, bu prosesə yalnız iş yerlərinin itirilməsi prizmasından deyil, həm də Azərbaycanın rəqabətqabiliyyətliliyini və insan kapitalının inkişafını gücləndirə biləcək imkanlar baxımından yanaşmaq lazımdır.
Sosioloq Üzeyir Şəfiyev Editor.az-a açıqlamasında bildirib ki, süni intellekt tamamilə yeni fenomendir:
“Artıq təkcə bizim ölkəmizdə yox, qlobal, kürəsəl səviyyədə bu, yeni innovativ texnologiyadır və bu texnologiya cəmiyyətin sosial xarakterinə təsir göstərir, şübhəsiz ki. Əmək bazarında transformasiyaya gətirib çıxarır. Əmək bazarına yeni məzmun, yeni xarakter verir və yeni meyarlar, kriteriyalar müəyyənləşdirir.
Müəyyənləşdirir, şübhəsiz ki, əmək bazarında bir sıra iş sahələri var ki, onlar üçün, demək, bununla bağlı problem olacaq. Amma süni intellekt əmək bazarında iş sahələrinin, yəni demək, işsizliyin deyil, həm də yeni iş sahələrinin açılmasına da təkan verir. Süni intellektin tətbiq olunduğu yeni iş sahələri yaranır.
Yəni bir tərəfdən köhnə texnologiyada olan iş sahələri məhdudlaşır, amma süni intellektin gətirdiyi yeni iş sahələri də var. Bu baxımdan güman etmirəm ki, əmək bazarında bu disbalans proqnozlaşdırılır. Hesab edirəm ki, bəzi iş sahələrinə, yeni texnologiyalara, innovativ yanaşmalara cavab vermədiyinə görə bu sahələr məhdudlaşsa da, amma innovativ texnoloji tətbiq olan sahələr inkişaf edəcək.
Yəni, yeni iş sahələri açılacaq, həm də süni intellekt texnologiyalarının tətbiqi sayəsində və beləliklə balans belə təmin olunacaq. Şübhəsiz ki, böyük anlamda, böyük ölçüdə, əlbəttə, İKT texnologiyalarının tətbiqi bir tərəfdən, bəli, bəzi iş sahələrinin məhdudlaşmasına gətirib çıxaracaq, amma həm də bəzi sahələrdə yeni iş sahələrinin, yerlərinin açılmasına gətirib çıxaracaq.
Və əvvəllər mümkün olmayan, demək, iş sahələri var idi ki, İKT sahəsində, demək, bu iş sahələrinin də bir sıra, demək, işləməsi qadağan olunan, yasaq olunan, demək, insanlar ki var idi, bu süni intellekt texnologiyaları vasitəsilə artıq işləyə biləcəklər. Belə bir fürsətlər də açılır.
Yəni İKT texnologiyalarının tətbiqi ilə bəzi insanlar üçün yasaq olan, imkan baxımından məhdud olan iş sahələri artıq İKT texnologiyalarının tətbiqi sayəsində həmin insanlar üçün də fürsət pəncərəsi aça biləcək. Belə iş sahələri də var.
Yəni süni intellekt birmənalı şəkildə əmək bazarına təsir göstərmir. Həm pozitiv, həm də neqativ təsirləri var. O baxımdan süni intellektdən praqmatik məqsədlərlə istifadə edəriksə, hesab edirəm ki, bu əmək bazarında transformasiyanı ağrısız ötüşdürə bilərik.
Ona görə də 19 mart 2025-ci ildə Dövlət başçımız tərəfindən süni intellektlə bağlı Milli Strategiya qəbul olundu və bu strategiyada da əslində təhlükəsizlik məsələləri, süni intellektin yaratdığı risklər, onun verə biləcəyi praqmatik töhfələr çox aydın göstərilir.
Hesab edirəm ki, məhz bu kontekstdə biz süni intellektə baxmalıyıq, nəinki ancaq kütləvi şüurla “Aaa, süni intellekt gəldisə, demək, əmək bazarında işsizlik çoxalacaq” kimi bir yanaşma. Hesab edirəm ki, bu, rasional yanaşma deyil.
Yəni süni intellekt həm də özü ilə bərabər yeni iş sahələri də yarada bilər, amma, demək, İKT tətbiqi, süni intellekt texnologiyasının tətbiqi nəzərə alınmalıdır. Yəni indiki artıq əmək bazarı daha rəqabətə davamlı bir kadr tələb eləyir.
Şübhəsiz ki, İKT texnologiyalarını mənimsəmiş, yeni bacarıqlara, vərdişlərə, səriştələrə malik olan işçi tələb eləyir, şübhəsiz ki…”.
// Gülnarə Abasova, Editor.az

