Müharibədə həlledici mərhələ yaxınlaşır: Ukrayna dönüş nöqtəsinə çatır?backend

Müharibədə həlledici mərhələ yaxınlaşır: Ukrayna dönüş nöqtəsinə çatır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi dördüncü ilinə daxil olsa da, hərbi əməliyyatların intensivliyi və tərəflərin sərgilədiyi sərt mövqelər diplomatik həll perspektivlərini son dərəcə məhdudlaşdırır. Donbas istiqamətində davam edən qarşıdurma, həm Moskvanın strateji hədəfləri, həm də Kiyevin ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyi fonunda kompromis imkanlarını daha da çətinləşdirir. Mövcud geosiyasi reallıqlar və cəbhədə formalaşan vəziyyət göstərir ki, yaxın perspektivdə siyasi razılaşmadan daha çox hərbi dinamika proseslərin istiqamətini müəyyənləşdirəcək.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Rusiyanın Ukraynaya qarşı uzunmüddətli işğal siyasəti fonunda tərəflər arasında real kompromis üçün zəmin görünmür:

“Ukrayna öz ərazilərinin Rusiya işğalı altında qalmasını qəbul etmir, Rusiya isə qarşıya qoyduğu hərbi-siyasi məqsədləri tam reallaşdıra bilmədiyi bir vəziyyətlə üz-üzədir. Ukraynanın artan hərbi potensialı və döyüş meydanındakı üstünlüyü getdikcə daha qabarıq şəkildə özünü göstərir. Ərazilərini mərhələli şəkildə geri qaytaran, Rusiyanın müxtəlif bölgələrində strateji hədəflərə zərbələr endirən və qarşı tərəfin logistika imkanlarına ciddi təsir göstərən Ukrayna ordusu müharibənin gedişində dönüş nöqtəsi yaratmağa yaxın görünür. Rusiyanın Donbasın işğal olunmamış hissəsinin döyüşsüz şəkildə təhvil verilməsi tələbi isə reallıqdan uzaqdır və Kiyevin bunu danışıq mövzusu kimi qəbul etməsi mümkün görünmür. Moskva bu mövqeni müəyyən mənada Donald Trampın mümkün siyasi təsirinə arxalanaraq irəli sürürdü. Hesab edilirdi ki, Tramp təzyiq vasitələri ilə Zelenskini buna razı sala bilər və Ukrayna müharibənin dayandırılması müqabilində Donbasın qalan hissəsindən imtina edər. Lakin hadisələrin inkişafı bunun əksini göstərdi. Zelenski təzyiqlər qarşısında geri çəkilmədi və ABŞ yardımındakı məhdudiyyətlərə baxmayaraq, Avropanın dəstəyi və daxili resursları hesabına Ukrayna müqavimətini davam etdirməyə nail oldu”.

Onun sözlərinə görə, hazırkı mərhələdə diplomatik həll perspektivi də olduqca zəif görünür:

“Tərəflər zaman-zaman danışıqlardan bəhs etsələr də, faktiki vəziyyət onların hələ də real siyasi razılaşmadan uzaq olduqlarını göstərir. Hesab edirəm ki, müharibənin həlledici mərhələsi yaxınlaşır. Ukraynanın hərbi uğurları artdıqca, Rusiyanın daxilində də bu müharibənin davam etdirilməsinin perspektivləri ilə bağlı narahatlıqlar güclənir. Eyni zamanda iqtisadi vəziyyət ağırlaşır və müharibənin təsirləri ölkə daxilində daha aydın hiss olunur. Buna baxmayaraq, Putin reallıqlardan çox siyasi ritorikaya üstünlük verir. Mövcud mənzərə onu göstərir ki, müharibənin dönüş nöqtəsini müəyyən edəcək əsas amil Ukraynanın hərbi addımları olacaq. Krım istiqamətində hazırlıqların davam etdiyi bildirilir və yarımada faktiki olaraq blokada şəraitindədir. Mənim qənaətimə görə, müharibənin taleyində əsas rol məhz Krım amilinə bağlı olacaq. Ukrayna qarşıya qoyduğu məqsədlərə nail olarsa, Rusiya geri çəkilmək məcburiyyətində qala bilər. Lakin bunun qısa müddətdə və asan şəkildə baş verəcəyini gözləmək düzgün olmazdı. Yaxın aylarda diplomatik həll üçün əlverişli zəmin görünmür. Bunun əsas şərti Rusiyanın maksimalist iddialarından geri çəkilməsi olardı ki, hazırkı şəraitdə bu da real görünmür. Çünki prosesdə hər iki tərəf üçün son dərəcə böyük siyasi və strateji risklər mövcuddur. Moskva məğlubiyyəti qəbul etmək istəmir, Ukrayna isə artıq müharibənin əvvəlindəki vəziyyətdə olan dövlət deyil”.

//Gülnarə Abasova, Editor.az