Rusiyanın müstəqil “Novaya qazeta” nəşri Çeçenistan rəhbəri Ramzan Kadırovun Ukrayna müharibəsində formalaşdırdığı silahlı qüvvələr və onların cəbhəyə göndərilməsi mexanizmi barədə geniş araşdırma dərc edib. Musavat.com araşdırmaya istinadən bildirir ki, “Kadırov ordusu”nun formalaşmasında yalnız könüllülər deyil, müxtəlif inzibati təzyiq, maliyyə vədləri və məcburi səfərbərlik elementləri olub. Nəşrin məlumatına görə, Ramzan Kadırov Kremlin qarşısında Ukrayna müharibəsinə 70 mindən çox döyüşçü göndərildiyini, on minlərlə texnika və hərbi avadanlığın isə Axmad Kadırov Fondu tərəfindən təmin edildiyini bildirib. Araşdırma müəllifləri isə bu rəqəmlərin maliyyə mənbələri ilə bağlı ciddi suallar doğurduğunu vurğulayırlar. Onların hesablamalarına əsasən, Fondun müharibəyə xərclədiyi vəsait Çeçenistanın illik büdcəsinin təxminən üçdə birinə bərabərdir.
Məqalədə xatırladılır ki, bu ilin aprelində Ramzan Kadırov Kremlin rəhbəri Vladimir Putinlə görüşü zamanı Çeçenistanın Ukrayna müharibəsinə verdiyi dəstək barədə geniş hesabat təqdim edib. O bildirib ki, müharibə başlayandan bəri 70 mindən çox döyüşçü hazırlanaraq cəbhəyə göndərilib, onların 20 minə yaxını isə könüllü olub.
Bundan başqa, Kadırov Əhməd Kadırov Fondu vasitəsilə minlərlə pilotsuz uçuş aparatı, yüzlərlə zirehli texnika, on minlərlə hərbi geyim və digər avadanlığın orduya verildiyini açıqlayıb. Araşdırma müəllifləri isə qeyd edirlər ki, fondun açıqladığı xərclərlə rəsmi maliyyə hesabatları arasında ciddi uyğunsuzluq mövcuddur. Onların hesablamalarına görə, fondun müharibəyə ayırdığı vəsait 43 milyard rubldan çoxdur ki, bu da Çeçenistanın illik büdcəsinin təxminən üçdə birinə bərabərdir. Lakin bu qədər vəsaitin hansı mənbədən formalaşdığı rəsmi sənədlərdə aydın görünmür.
“Novaya qazeta” yazır ki, könüllülərin cəlb olunması üçün əvvəlcə 300 min rubl birdəfəlik ödəniş və aylıq maaş vəd edilib. Lakin bunun kifayət etmədiyi hallarda polis əməkdaşlarına seçim təqdim olunub: ya özləri cəbhəyə getsinlər, ya da öz yerlərinə könüllü tapsınlar. Hətta bəzi hüquq-mühafizə orqanı əməkdaşlarının tanışları, əvvəllər məhkum olunmuş şəxslər və informatorlar da bu prosesə cəlb edilib.
Araşdırmada daha bir diqqətçəkən iddia ondan ibarətdir ki, Çeçenistan Rusiyada məhkumların müharibəyə göndərilməsi praktikasını tətbiq edən ilk regionlardan biri olub. İddiaya görə, “Çernokozovo” koloniyasından onlarla məhkum vaxtından əvvəl azad edilərək Ukraynaya göndərilib və onlara azadlıq vəd olunub.
Nəşr həmçinin bildirir ki, müharibənin ilk aylarında Kadırovun informasiya siyasəti də aktiv şəkildə işləyib. Sosial şəbəkələrdə yayılan çoxsaylı videolarda çeçen bölmələrinin ön cəbhədə olduğu göstərilsə də, araşdırma müəllifləri bu görüntülərin bir hissəsinin əvvəlcədən çəkildiyini və ya real döyüş bölgələrini əks etdirmədiyini iddia edirlər.
Məqalədə deputat Adam Delimxanovun Mariupol istiqamətində çeçen bölmələrinə rəhbərlik etməsi, lakin əməliyyatların əksər hissəsinin arxa cəbhədən koordinasiya olunması barədə də iddialar yer alıb. Nəşrin iddiasına əsasən, Delimxanovun əsas qərargahı Mariupolda deyil, Rusiyanın Taqanroq şəhərində yerləşən lüks otellərdən birində fəaliyyət göstərib. Buradan çeçen bölmələrinin təminatı və idarə olunması koordinasiya edilirdi.
Eyni zamanda araşdırmada bildirilir ki, Mariupol uğrunda döyüşlərdə çeçen dəstələrinin böyük hissəsi ön xətdə deyil, əsasən ikinci eşelonda fəaliyyət göstərib.
Araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlinir ki, “Kadırov ordusu” anlayışı ilk baxışda göründüyü qədər vahid və peşəkar hərbi sistem deyil. Araşdırmaya görə, bu struktur müxtəlif mənbələrdən toplanmış könüllülər, məcburi şəkildə cəlb edilən təhlükəsizlik əməkdaşları, keçmiş polis işçiləri və hətta məhkumlardan formalaşdırılıb.
Müəlliflərin fikrincə, məhz Kremlin ehtiyac duyduğu vaxt minlərlə döyüşçünü qısa müddətdə səfərbər edə bilməsi Ramzan Kadırovun siyasi mövqeyini uzun illər qorumasına imkan verən əsas amildir.
Musavat.com

