ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəhbərliyi ilk dəfə yüksək səviyyədə lazer və mikrodalğalı silah sistemlərinin sınaqlarında iştirak edib. Sınaqlar ABŞ-ın New Mexico ştatındakı hərbi poliqonda keçirilib.
Editor.az bu barədə Axios portalına istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ-ın 2027-ci maliyyə ili üçün büdcə layihəsində lazer və istiqamətləndirilmiş enerji silahlarının tədqiqatı və hazırlanmasına 2 milyard dollardan çox vəsait ayrılması nəzərdə tutulub.
Nümayişdə ABŞ müdafiə naziri Pete Hegseth və Pentaqonun texniki direktoru Emil Michael iştirak ediblər.
Ekspertlərin fikrincə, lazer və mikrodalğalı silahlar pilotsuz uçuş aparatlarına qarşı nisbətən ucuz və effektiv mübarizə vasitəsi hesab olunur. Lakin bu texnologiyalar hələ geniş tətbiq mərhələsinə keçməyib.
Sınaqlar zamanı AeroVironment tərəfindən hazırlanmış, 20 kilovat gücündə mobil istiqamətləndirilmiş enerji sistemi olan LOCUST kompleksi yoxlanılıb. Bildirilir ki, bu sistem daha əvvəl USS George H.W. Bush təyyarədaşıyan gəmisinin göyərtəsindən həyata keçirilən sınaqlarda bir neçə pilotsuz uçuş aparatını uğurla məhv edib.
Qeyd edək ki, ABŞ son aylarda yeni nəsil silah texnologiyalarının sınaqlarını intensivləşdirib. Aprel ayında ölkə hipersəs raketinin sınağını həyata keçirmiş, daha əvvəl isə nüvə silahlarının çatdırılma vasitələrinin də sınaqdan keçiriləcəyi açıqlanmışdı.
//Gülnarə Abasova, Editor.az

