Qanda şəkərin səviyyəsinə nəzarətin təbii yolu açıqlanıbbackend

Qanda şəkərin səviyyəsinə nəzarətin təbii yolu açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gündəlik rejimin sabit saxlanılması, kifayət qədər yuxu və fiziki aktivlik 2-ci tip şəkərli diabetdən əziyyət çəkən insanlarda qanda şəkərin səviyyəsinə nəzarəti yaxşılaşdıra bilər.

Editor.az xəbər verir ki, bu nəticə Cənubi Koreya Universitetinin Tibb Kollecinin alimlərinin apardığı araşdırmada üzə çıxıb. Tədqiqatın nəticələri Metabolism elmi jurnalında dərc olunub.

Araşdırmada insulin istifadə edən 2-ci tip diabetli 122 pasiyent iştirak edib. İştirakçılar 10 gün ərzində qanda qlükozanın səviyyəsini fasiləsiz ölçən cihazlar və fiziki aktivliyi izləyən fitnes trekerləri daşıyıblar. Alimlər bu vasitələrlə onların yuxu müddətini, fiziki aktivliyini, ürək döyüntülərinin tezliyini və gündəlik bioloji ritmlərinin sabitliyini qiymətləndiriblər.

Nəticələr göstərib ki, bioloji ritmləri daha sabit olan iştirakçıların 46,3 faizində qanda şəkərin səviyyəsi hədəf diapazonda qalıb. Gündəlik rejimi qeyri-müntəzəm olan iştirakçılar arasında isə bu göstərici 20 faiz təşkil edib.

Tədqiqat zamanı fiziki aktivliyin də qanda şəkərin səviyyəsinə nəzarətdə mühüm rol oynadığı müəyyən edilib. Günorta saat 12:00-dan axşam 18:00-dək daha çox hərəkət edən iştirakçılarda qlükoza səviyyəsinin hədəf diapazonda qalma müddəti daha uzun olub, qanda şəkərin kəskin dəyişməsi isə daha az müşahidə edilib.

Bundan əlavə, gecə 7–9 saat yatmağın qanda qlükoza səviyyəsinin sabitliyi ilə əlaqəli olduğu müəyyənləşdirilib. Kifayət qədər yuxu alan iştirakçılarda hipoqlikemiya — qanda şəkərin təhlükəli dərəcədə azalması halları da daha az qeydə alınıb.

Tədqiqatçılar hesab edirlər ki, gündəlik rejimin qorunması, yetərli yuxu və müntəzəm fiziki aktivlik 2-ci tip diabetli insanların qanda şəkərin səviyyəsinə nəzarətini yaxşılaşdırmağa kömək edə bilər. Bununla belə, araşdırmanın nəticələri bu amillərlə qlükoza göstəriciləri arasında əlaqəni ortaya qoyur və onların diabetin müalicəsini əvəz etdiyini göstərmir.

//Gülnarə Abasova, Editor.az