Azərbaycanda mənzilini kirayəyə verərək gəlir əldə edən vətəndaşlar həmin gəlirdən vergi ödəməlidirlər. Bəzi hallarda isə ev sahiblərinin vergi uçotuna alınması və VÖEN əldə etməsi də tələb olunur. Verginin hesablanması və ödənilməsi qaydası kirayə haqqını ödəyən şəxsin vergi uçotunda olub-olmamasına görə dəyişir.
Editor.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən 10 faiz dərəcə ilə vergi tutulur. Mehmanxanalar və mehmanxana tipli yerləşmə vasitələri bu qaydadan istisnadır.
Kirayə haqqını ödəyən şəxs vergi uçotundadırsa…
Bu halda vergini kirayə haqqını ödəyən şəxs ödəmə mənbəyində tutmalı, müvafiq məbləği gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dək dövlət büdcəsinə köçürməli və vergi bəyannaməsini təqdim etməlidir.
Kirayəçi vergi uçotunda deyilsə, nə edilməlidir?
Kirayə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olmadıqda, mənzil sahibi özü və ya təyin etdiyi vergi agenti vergi uçotuna alınmalı və VÖEN əldə etməlidir. Bu zaman kirayədən əldə edilən gəlirə 10 faiz vergi hesablanır.
Gəlir vergisi bəyannaməsi hesabat ilindən sonrakı ilin martın 31-dən gec olmayaraq təqdim edilməli, hesablanmış vergi də həmin müddətədək ödənilməlidir.
VÖEN-i necə əldə etmək olar?
Dövlət Vergi Xidmətinin məlumatına görə, bunun üçün “Fiziki şəxsin uçotu haqqında Ərizə” və şəxsiyyət vəsiqəsinin surəti vergi orqanına təqdim edilməlidir. Qeydiyyat xidməti ödənişsizdir.
Vətəndaşlar ASAN xidmət mərkəzlərinə, eləcə də müvafiq vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər. Qeydiyyat haqqında şəhadətnamə emal müddəti nəzərə alınmaqla elektron kabinetə göndərilir. Ərizədə göstərildikdə sənəd kağız formasında da təqdim oluna bilər.
Bundan əlavə, gücləndirilmiş elektron imza, o cümlədən “Asan İmza” vasitəsilə İnternet Vergi İdarəsi portalından istifadə edərək vergi uçotuna məsafədən alınmaq mümkündür.

