Fərid Şahbazlı yazır
Can Azərbaycanın küləklər şəhəri Bakıdan çıxıb, hər daşında, hər yarpağında minillik tarixin pıçıltısını daşıyan Balıkəsirə qədəm basanda anladım ki, bura sadəcə bir coğrafiya deyil, ruhun sükunət tapdığı bir məkandır. Həyatı kəşf etməyə, fərqli mədəniyyətlərin ruhuna toxunmağa can atan bir gənc olaraq, ilk dəfə gəldiyim bu şəhər mənə tamam fərqli bir dinclik, misilsiz bir mənəvi enerji bəxş etdi. Qətiyyətlə deyə bilərəm ki, Balıkəsir Türkiyənin kəşf olunmağı gözləyən, Mərmərə ilə Egenin sularında yuyulan gizli cənnətidir.
Bir gənc üçün ən önəmli məfhum insanla qurulan bağdır, səmimiyyətdir, sərhədləri aşan qardaşlıqdır. Balıkəsir məni sadəcə zeytun ağaclarının kölgəsi, mavi dənizləri və ya Kaz dağlarının əzəməti ilə deyil, insanının bənzərsiz ürək genişliyi, fədakar ruhu ilə fəth etdi. Çünki bu gizli cənnətin ən böyük sərvəti onun qonaqpərvərliyində, qapısını və qəlbini sənə təmənnasız açan, gözlərində hər an doğmalıq oxunan sakinlərindədir.
Bu unudulmaz səfərin, ürəyimdə taxt quran Balıkəsir təəssüratlarımın ən baş küncündə isə heç şübhəsiz, Akyürek ailəsi dayanır. Doğma Bakıdan yüzlərlə kilometr uzaqda olsam da, onların ev sahibliyi, iliklərimə qədər hiss etdiyim qardaşlıq sevgisi mənə qürbətdə olduğumu bir an belə hiss etdirmədi. Semra Aman Akyürek və onun dəyərli ailəsinin göstərdiyi o misilsiz qonaqpərvərlik, hər incəliyinə qədər düşünülmüş diqqət və qayğı “İki dövlət, bir millət” fəlsəfəsinin sadəcə kitablarda oxunan bir şüar deyil, məhz süfrə başında, bir çay stəkanının istiliyində, gözlərdəki o doğma təbəssümdə yaşadığını bir daha sübut etdi. Onların simasında Balıkəsir məni sıradan bir qonaq kimi yox, illərdir həsrətlə yolunu gözlədiyi bir övladı kimi bağrına basdı.
Biz gənclər çox vaxt dünyanı kəşf etməkdən, xəyallardan, böyük gələcək hədəflərindən danışırıq. Amma Balıkəsirdə, Akyürek ailəsinin o isti ocağında bir daha əmin oldum ki, dünyanı gözəlləşdirən, həyatı mənalı qılan ən böyük güc elə bu səmimiyyətdir, təməli sevgiylə atılmış bu qırılmaz könül körpüləridir.
Türkiyənin bu gizli cənnətindən Bakıya qayıdarkən özümlə təkcə xoş xatirələr yox, qəlbimin böyük bir parçasını da Balıkəsirdə qoyub gəlirəm. Türkün şanlı qonaqpərvərliyini mənə ən yüksək zirvədə yaşadan, evimin istiliyini aratmayan Akyürek ailəsinə və qardaşlıq nişanəsini alnında daşıyan bütün Balıkəsir xalqına sonsuz təşəkkürlərimlə!
Bu, sadəcə bir vida deyil, gənc yaşlarımda könül coğrafiyamda kəşf etdiyim bu yeni cənnətə verilən qətiyyətli bir təkrar görüş sözüdür. Bakıdan Balıkəsirə uzanan bu sevgi yolu heç vaxt bitməyəcək!


