ABŞ Prezidenti Donald Trampın Çinin 2020-ci il prezident seçkilərinə müdaxilə etdiyi barədə irəli sürdüyü iddialara Pekindən sərt reaksiya gəlib.
Editor.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian açıqlamasında ABŞ tərəfindən səsləndirilən ittihamların tamamilə əsassız olduğunu bildirib. Onun sözlərinə görə, Çin ABŞ seçkilərinə müdaxilə etməyib və belə bir niyyət də daşımır.
“ABŞ tərəfindən səsləndirilən bu iddialar tamamilə uydurmadır və Çini gözdən salmaq məqsədi daşıyır. Çinin ABŞ seçkilərinə müdaxilə etməkdə heç bir marağı yoxdur və biz bunu heç vaxt etməmişik”, – deyə Lin Cian vurğulayıb.
Çinli diplomat Vaşinqtonu ölkənin adını ABŞ-dakı siyasi müzakirələrə cəlb etməməyə və iki ölkə arasındakı münasibətlərin inkişafına töhfə verən addımlar atmağa çağırıb.
Tramp isə xalqa müraciəti zamanı ABŞ seçki sisteminin xarici müdaxilə və kiberhücumlar qarşısında ciddi risklərlə üzləşdiyini iddia edib. O, həmçinin Çinin milyonlarla amerikalı seçiciyə aid məlumatları qanunsuz yollarla əldə etdiyini irəli sürüb.
ABŞ prezidentinin sözlərinə görə, sözügedən məlumatlar seçicilərin adları, ünvanları, telefon nömrələri, siyasi partiya seçimləri və digər seçki qeydiyyatı məlumatlarını əhatə edib.
Bununla belə, Trampın irəli sürdüyü ittihamların daha əvvəl aparılmış araşdırmalarla ziddiyyət təşkil etdiyi bildirilir. Əvvəlki yoxlamalarda 2020-ci il prezident seçkilərində genişmiqyaslı seçki saxtakarlığını təsdiqləyən ciddi sübutların olmadığı qeyd edilmişdi.
Çin və ABŞ arasında son dövrlərdə artan siyasi gərginlik fonunda seçkilərə xarici müdaxilə məsələsinin iki ölkə arasındakı münasibətlərdə yeni mübahisə mövzusuna çevriləcəyi gözlənilir.
//Gülnarə Abasova, Editor.az

