Ermənistanın son illərdə KTMT ilə münasibətlərində yaranan gərginlik təkcə təşkilat daxilindəki fikir ayrılıqları ilə məhdudlaşmır. Bu proses eyni zamanda İrəvanın xarici siyasət prioritetlərində baş verən dəyişiklikləri və təhlükəsizlik strategiyasında yeni istiqamətlər axtarışını əks etdirir. Müşahidələr göstərir ki, Ermənistan bir tərəfdən Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik mexanizmlərindən məsafələnməyə çalışır, digər tərəfdən isə Qərb strukturları ilə əməkdaşlığı genişləndirməyə üstünlük verir. Mövcud vəziyyət KTMT-Ermənistan münasibətlərinin gələcək perspektivlərini və regional təhlükəsizlik balansına mümkün təsirlərini yenidən gündəmə gətirir.
Siyasi analitik Asif Nərimanlı Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanın KTMT ilə münasibətlərində əsas arqument kimi irəli sürdüyü məsələ 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisələrlə bağlıdır:
“Ermənistan həmin dövrdə öz təxribatları nəticəsində yaranmış vəziyyət fonunda KTMT-nin prosesə müdaxilə etməsini, faktiki olaraq Ermənistanın müdafiəsi adı altında Azərbaycana qarşı mövqe sərgiləməsini tələb edirdi. Əslində isə bu təxribatın əsas məqsədlərindən biri KTMT-ni və Rusiyanı fakt qarşısında qoyaraq təşkilat üzvlərinin Azərbaycana qarşı mövqe tutmasına nail olmaq idi. Lakin nə Rusiya, nə də KTMT üzvləri bu ssenariyə qoşuldu.
Bundan sonra Ermənistan tərəfi ‘KTMT Ermənistanın təhlükəsizliyini təmin etmirsə, bu təşkilatda qalmağın mənası yoxdur’ tezisi ilə çıxış etməyə başladı. Hesab edirəm ki, bu yanaşma əvvəlcədən hazırlanmış və məqsədyönlü şəkildə istifadə olunan bir bəhanə idi. Ermənistanın əsas hədəfi Rusiyanın hərbi-təhlükəsizlik çətirindən uzaqlaşmaq və Avropa istiqamətində siyasətini daha da irəlilətmək idi.
Bunun üçün həm daxili auditoriyaya, həm də beynəlxalq müstəviyə hesablanmış əsaslandırmaya ehtiyac var idi. Ermənistan anti-Rusiya siyasətini izah etmək və Moskva qarşısında arqument formalaşdırmaq üçün bu hadisələrdən istifadə etdi. Məqsəd Rusiyanın Ermənistanın təhlükəsizlik sistemindəki rolunu zəiflətmək, əvəzində isə Avropanın təsir imkanlarını artırmaq idi.
Nəticə etibarilə, 2022-ci ilin sonlarından etibarən Avropa İttifaqının müşahidə missiyasının Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməsinə nail olundu. Bu proses Rusiyanın Ermənistanın təhlükəsizlik sahəsindəki mövqeyinin zəifləməsinə, Avropanın rolunun isə artmasına şərait yaratdı. Ermənistan müəyyən mənada qarşıya qoyduğu məqsədə qismən nail oldu.
Hazırda da KTMT-də fəaliyyətin de-fakto dondurulması eyni siyasətin davamıdır. Düşünürəm ki, yaxın perspektivdə Ermənistanın təşkilata əvvəlki formatda qayıtması çətin görünür. Bununla belə, bu, Ermənistanın KTMT-dən tam çıxacağı anlamına gəlmir. Çünki ölkənin Rusiyadan iqtisadi asılılığı hələ də qalmaqdadır.
Məhz bu səbəbdən Ermənistan KTMT-də fəaliyyətini dondursa da, Avrasiya İqtisadi İttifaqından çıxmağa tələsmir. Rusiya ilə hərbi-təhlükəsizlik sahəsindəki əməkdaşlığa alternativ kimi Fransa başda olmaqla bəzi Avropa ölkələrindən silah tədarükü və siyasi-hərbi dəstək əldə etməyə başlayıb. Bu sahədə Rusiyanın təsir imkanlarını müəyyən qədər məhdudlaşdıra bilsə də, iqtisadi asılılığı aradan qaldırmaq daha mürəkkəb məsələdir. Xüsusilə seçkiöncəsi proseslərdə bunun daha aydın müşahidə olunduğunu gördük”.
Analitikin sözlərinə görə, yaxın perspektivdə Ermənistan Rusiyanın iqtisadi təzyiqindən yayınmaq və iqtisadi asılılığın yaratdığı riskləri minimuma endirmək məqsədilə KTMT və Avrasiya İqtisadi İttifaqı da daxil olmaqla, Moskvanın rəhbərlik etdiyi platformalarda müəyyən səviyyədə iştirakını qorumağa çalışacaq:
“Bu, Ermənistanın KTMT-də fəaliyyətini bərpa edəcəyi anlamına gəlmir. Lakin təşkilatdan çıxmadan, Avrasiya İqtisadi İttifaqındakı rolunu qorumağa və bəzi hallarda genişləndirməyə çalışacaq. Məncə, bu yanaşma müvəqqəti xarakter daşıyır.
Ermənistanın strateji məqsədi Azərbaycanla sülh sazişinin imzalanmasına və Türkiyə ilə sərhədlərin açılmasına nail olmaqdır. Bundan sonra Avropa bazarlarına çıxış imkanlarını genişləndirərək Rusiyadan iqtisadi asılılığını azaltmağa çalışacaq. Hazırkı proseslər də məhz bu istiqamətdə inkişaf edir.
Bu mərhələdə İrəvanın Rusiyanı mümkün qədər az qıcıqlandırmağa hesablanmış siyasət yürütməsi gözlənilir. KTMT məsələsində isə əvvəlki mövqeyini dəyişməsi ehtimalı zəifdir. Təşkilatdakı fəaliyyətini əvvəlki səviyyədə bərpa etməyəcək, lakin yaxın perspektivdə üzvlükdən də imtina etməyəcək.
Mənim fikrimcə, Ermənistan yalnız Rusiyadan iqtisadi asılılığını əhəmiyyətli dərəcədə azaltdıqdan və alternativ iqtisadi imkanlar formalaşdırdıqdan sonra KTMT, eləcə də Rusiyanın rəhbərlik etdiyi digər inteqrasiya platformalarından daha aktiv şəkildə uzaqlaşmaq siyasəti yürüdə bilər”.
//Gülnarə Abasova, Editor.az


