Rusiya paytaxtı növbəti dəfə genişmiqyaslı pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Moskva meri Sergey Sobyaninin son açıqlamalarına əsasən, günün əvvəlindən bəri şəhərə yaxınlaşarkən vurulan dronların sayı 35-ə çatıb.
Hadisə yerinə təcili yardım və xilasetmə xidmətləri cəlb olunub.
Dağıntıların baş verdiyi ərazilərdə araşdırmalar davam etsə də, hələlik ciddi ziyan və ya insan tələfatı barədə rəsmi məlumat daxil olmayıb.
“Kommersant” qəzetinin yaydığı məlumata görə, kütləvi dron hücumu səbəbindən Moskvanın “Domodedovo” və “Vnukovo” hava limanlarında uçuşlar müvəqqəti olaraq tamamilə dayandırılıb.
“Şeremetyevo” hava limanı isə gücləndirilmiş iş rejimində və koordinasiyalı şəkildə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, günorta saatlarında verilən ilk rəsmi açıqlamalarda hava hücumundan müdafiə qüvvələri tərəfindən paytaxt istiqamətində uçan 16 Ukrayna dronunun məhv edildiyi bildirilib. Mer Sergey Sobyaninin “Telegram” kanalında hücumla bağlı ilk mesaj Moskva vaxtı ilə saat 12:11-də (Bakı vaxtı ilə 13:11), sonrakı yenilənmə isə saat 12:34-də (Bakı vaxtı ilə 13:34) paylaşılıb.
Hazırda şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.


