Televizor qarşısında yuxuya getmək yuxunun keyfiyyətini ciddi şəkildə pisləşdirə bilərbackend

Televizor qarşısında yuxuya getmək yuxunun keyfiyyətini ciddi şəkildə pisləşdirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yuxuya televiziya serialı və ya açıq ekran qarşısında getmək bir çox insan üçün rahatlaşdırıcı vərdiş kimi görünsə də, əslində bu, yuxunun keyfiyyətinə mənfi təsir göstərən davranış asılılığı yarada bilər.

Editor.az xəbər verir ki, bu barədə somnoloq Boris Yakovlev bildirib.  

Mütəxəssisin sözlərinə görə, insan mütəmadi olaraq televizorun səsi altında yuxuya gedirsə, beyində şərti refleks formalaşır və səs rahatlama siqnalı kimi qəbul edilir. Nəticədə həmin stimul olmadıqda insanın yuxuya getməsi çətinləşir və bu vəziyyət cəmi 2–3 həftə ərzində davranış mənşəli yuxusuzluğa səbəb ola bilər.  

Həkim bildirib ki, ekran qarşısında yuxuya getməyin üç əsas fizioloji mənfi təsiri var:

  • Ekran işığı – Hətta zəif işıq belə melatonin hormonunun ifrazını azaldır. Xüsusilə mavi işıq beyinə gündüz olduğu siqnalını göndərir və yuxuya getmə prosesini çətinləşdirir.
  • Səs təsiri – İnsan dərin yuxuda olduğunu düşünsə belə, beyin danışıq səslərini, səhnələrin dəyişməsini və qəfil səs artımlarını emal etməyə davam edir. Bu isə yadda qalmayan mikrooyanmalar yaradır və yuxunun strukturunu pozur.
  • Emosional yüklənmə – Gecə izlənilən xəbərlər, trillerlər və ya psixoloji cəhətdən ağır məzmun narahat yuxulara və səhər yorğun oyanmağa səbəb ola bilər.  

Yakovlev qeyd edib ki, aparılmış polisomnoqrafik tədqiqatlara əsasən, televizor qarşısında yuxuya gedən insanların dərin yuxu mərhələsi sakit şəraitdə yatanlarla müqayisədə orta hesabla 25–30 faiz daha az olur. Bu isə səhərlər halsızlıq, diqqətin zəifləməsi, başda ağırlıq hissi yaradır, uzunmüddətli perspektivdə isə arterial təzyiqin yüksəlməsi, narahatlıq səviyyəsinin artması və yaddaşın zəifləməsi kimi problemlərə gətirib çıxara bilər.  

Mütəxəssis bu vərdişdən imtinanın təxminən 3–4 həftə ərzində mümkün olduğunu bildirib. O, televizor əvəzinə ağ səs, təbiət səsləri və ya avtomatik sönmə funksiyası olan sakit podkastlardan istifadə etməyi, eyni zamanda ekranın parlaqlığını və səsini mərhələli şəkildə azaltmağı tövsiyə edib. Axşam isti duş qəbul etmək, yumşaq işıq altında kitab oxumaq kimi vərdişlər də beynin sağlam yuxu rejiminə uyğunlaşmasına kömək edə bilər. Yuxusuzluq televizorsuz iki həftədən çox davam edərsə, somnoloqa müraciət etmək tövsiyə olunur.

//Gülnarə Abasova, Editor.az