Wildberries-in qurucusu Tatyana Kimin sərvəti son bir ildə 2 milyard dollardan çox azalıb.
Forbes-in yeni reytinqinə əsasən, Kimin sərvəti 7,1 milyard dollardan 5 milyard dollara düşüb. Buna baxmayaraq, o, artıq beşinci dəfə Rusiyanın ən varlı qadınları siyahısına başçılıq edib.
50 yaşlı Tatyana Kim əvvəllər Tatyana Bakalçuk kimi tanınırdı. Koreya əsilli iş qadını ixtisasca ingilis dili müəllimidir. O, 2004-cü ildə analıq məzuniyyətində olarkən Moskvadakı mənzilində Wildberries onlayn mağazasını yaradıb. Sonradan həyat yoldaşı, informasiya texnologiyaları sahəsində çalışan Vladislav Bakalçuk da biznesə qoşulub.
Tatyana Kim və Vladislav Bakalçukun yeddi övladı var. Onların ailə və biznes münasibətləri 2024-cü ildə ciddi qarşıdurmaya çevrilib. Wildberries-in Russ şirkəti ilə birləşməsi ətrafında yaranan mübahisədən sonra Kim boşanmaq üçün məhkəməyə müraciət edib və Bakalçuk soyadından imtina edərək əvvəlki Kim soyadına qayıdıb. 2025-ci ilin fevralında onların 22 illik nikahı rəsmən pozulub.
Keçmiş ər-arvad arasında Wildberries üzərində nəzarət uğrunda da mübahisə gedib. Əmlak bölgüsü nəticəsində Vladislav Bakalçukun şirkətdəki 1 faizlik payı Tatyana Kimə keçib və o, Wildberries-in 100 faizlik sahibi olub.
Maraqlıdır ki, 2021-ci ildə Forbes Tatyana və Vladislav Bakalçukları Rusiyanın ən varlı ailəsi elan etmiş, həmin vaxt onların sərvətini 13,1 milyard dollar qiymətləndirmişdi.
Hazırda isə Forbes Tatyana Kimin sərvətini 5 milyard dollar qiymətləndirir. Böyük itkiyə baxmayaraq, yeddi uşaq anası Rusiyanın ən varlı qadını statusunu qoruyub saxlayır.
Musavat.com

