Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı və ABŞ ilə yaxınlıq siyasətinə üstünlük versə də, Rusiyayla münasibətləri də gərginləşdirmək istəmir.
Politoloq Elxan Şahinoğlu bunu Musavat.com-a Rusiya-Ermənistan münasibətlərini və Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazası ətrafında davam edən müzakirələri şərh edərkən bildirib.

Qeyd edək ki, Kremlin Ermənistana kənd təsərrüfatı məhsulları ilə bağlı təzyiqlərini davam etdirməsi İrəvanda narahatlıq doğurub. Nikol Paşinyanın Rusiya prezidenti ilə sonuncu telefon söhbətində də əsas müzakirə mövzularından biri bu olub. Ancaq hələlik Kreml İrəvanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməli olduğunu bildirir, bu məsələ ilə bağlı referendum keçirməyə çağırır. Nikol Paşinyan isə hələlik Aİ ilə bağlı addımlar atmağa tələsmədiyini qeyd edərək, gərginlikdən yayınmağa çalışır.
Hərbi bazaya gəldikdə, bir müddət öncə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, İrəvan Gümrüdəki bazanın ləğvi məsələsini nəzərdən keçirmir.
“Ermənistandan bazanın icarə müqaviləsi şərtlərinin yenidən nəzərdən keçirilməsi barədə hələ ki siqnallar daxil olmayıb”, – deyən Rusiya rəsmisinin sözlərinə görə, Ermənistan rəsmi səviyyədə Gümrüdəki Rusiya hərbi bazasının ləğvi məsələsini nəzərdən keçirmədiyini də bəyan edib.

Nazir müavini qeyd edib ki, Moskva bu hərbi hissənin Ermənistan və bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinin təmin edilməsinin dayaq olduğuna əmindir. Ancaq XİN nümayəndəsi bu istiqamətdə narahatlıq doğuran səbəbi də gizlətməyib. Bildirib ki, Ermənistanda bəzi siyasi qüvvələr və qərbpərəst erməni QHT-lər iki ölkənin hərbi əməkdaşlığını, RF-nin bazasının mövcudluğunu qaralamağa, onu işğal aləti və ya Ermənistana qarşı qapalılığın, düşmənliyin sübutu kimi təqdim etməyə çalışırlar. Eyni zamanda Nikol Paşinyan hərbi bazanın çıxarılmasının aktual olmadığını desə də, müzakirələr səngimir.
Elxan Şahinoğlu Kremlin İrəvana qarşı pressinqinə cavab olaraq Paşinyan hakimiyyətinin ehtiyatlı mövqe sərgiləməsini səbəbsiz saymır:
“Çünki Ermənistan rəhbərliyi Rusiyadan böyük təhlükələrlə qarşılaşa biləcəyini anlayır: iqtisadi təzyiq alətləri, Rusiyada yaşayan ermənilərin Ermənistan hökumətinə qarşı fəaliyyətini artırması imkanları, Ermənistan ordusundakı Rusiya kəşfiyyatına bağlı zabitlərin hərəkətə gətirilməsi təhlükəsi – bütün bunlar Rusiyanın əlində ciddi alətlərdir”.

Son zamanlar Gümrüdəki 102-ci hərbi bazanın çıxarılması mövzusunun müzakirə olunmasına gəldikdə, politoloq bunu hələlik real saymır:
“Ona görə ki, Paşinyan Putini qıcıqlandırmaq istəmir. Amma Putin də məsələni qəti qoyub ki, Ermənistanda referendum keçirilməli və erməni cəmiyyəti Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməlidir. Məsələ burasındadır ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü ola-ola Rusiya Ermənistan məhsullarına qadağa qoyub. Bu isə əslində Avrasiya İqtisadi İttifaqının fəaliyyət prinsiplərinə ziddir. Ona görə də Paşinyan çalışır ki, məsələləri həll etsin və tez-tez Rusiya rəsmiləri ilə telefonla danışır, imkan düşdükcə Rusiyaya səfərlər edir. Bir neçə gün əvvəl Rusiyaya səfər etmişdi, Yekaterinburqda bir sərgiyə qatılmışdı və orada Rusiya baş naziri Mixail Mişustinlə görüşmüşdü. Amma Mişustin qərar verən deyil, qərarı Putin verir. Mişustin hətta Ermənistanla iqtisadi əlaqələrin inkişafını istəsə də, Putin fərqli mövqedən çıxış etsə, Mişustin heç nə edə bilməyəcək”.
Elxan Şahinoğlu Ermənistan rəhbərliyinin Rusiya ilə əlaqələri qırmaq niyyətində olmadığını əsaslandıran bəzi məqamlara diqqət çəkib:
“Paşinyan ilk xarici səfərini Rusiyaya etdi. Bu da Rusiya ilə münasibətlərin normallaşmasını istədiyini göstərir. Amma Putin bunu istəmir. Rusiya prezidenti istəyir ki, Ermənistan əvvəlki kimi Rusiyanın “arxa bağçası” olsun, Moskvanın dediklərini etsin. Paşinyan artıq fərqli siyasət yürüdür. Ona görə Rusiyanın Ermənistana təzyiqi davam edəcək”.

Politoloqun fikrincə, belə olan halda Paşinyanın ABŞ və Avropanın dəstəyinin artmasına ehtiyacı var:
“Məsələn, əgər Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarını qəbul etmirsə, Avropa öz bazarlarını açmalıdır. Düzdür, belə bir vəd verilib, amma hələ həyata keçirilməsi istiqamətində ciddi addımlar atılmayıb. Üstəlik, Rusiya hərbi bazası Paşinyan üçün təhlükə olaraq qalır. Çünki həmin hərbi baza Ermənistan ordusundakı Rusiya kəşfiyyatına bağlı zabitlərlə bir yerdə hərbi çevrilişə cəhd edə bilər. Bunun qarşısını Paşinyan təkbaşına ala bilməyəcək. Bu məsələdə də Nikol Paşinyanın Vaşinqton və Brüssellə əməkdaşlığı dərinləşdirməsinə ehtiyac var. Əslində Paşinyan bunu istəyir, sadəcə Avropa İttifaqı və ABŞ bu məsələlərdə aktiv olmalıdır ki, onu təhlükələrdən qoruya bilsinlər”.

