İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampla aparılan danışıqlar zamanı İsrailin Vaşinqtonun müvafiq sorğusu və ya tələbi olmadan öz təşəbbüsü ilə İrana zərbə endirməyəcəyini bəyan edib.
Bu barədə İsrail mənbələrinə istinadən “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, Netanyahu vurğulayıb ki, İranın İsrailə hücumu baş verəcəyi təqdirdə yəhudi dövləti cavab hərbi tədbirləri görmək hüququnu özündə saxlayır.
O, həmçinin Trampa İsrailin İranla bağlı yeni kəşfiyyat məlumatlarını ABŞ tərəfinə ötürməkdə davam edəcəyini bildirib.
İsrailin hökumət başçısı qeyd edib ki, Vaşinqtonun Tehrana qarşı siyasət formalaşdırarkən Yaxın Şərqdəki ərəb müttəfiqlərinin mövqeyini nəzərə almalı olduğunu anlayır. Bununla belə, o, ABŞ prezidentini əmin edib ki, İsrail İran məsələsində Vaşinqtona tam etibar edir və ABŞ administrasiyasının qəbul edəcəyi hər bir qərarı dəstəkləyəcək.
Paralel olaraq “Fox News” telekanalına müsahibə verən Netanyahu İsrailin İranın nüvə silahına yiyələnməsinə qətiyyən imkan verməmək niyyətində olduğunu bir daha bəyan edib:
“Biz Tehrandakı fanatik rejimin nüvə silahı əldə etməsinə və Amerikaya, dünyaya, eləcə də İsrailə təhdid yaratmasına icazə verməyəcəyik. Bu məqsədə – diplomatik yolla və ya digər vasitələrlə – mütləq nail olunacaq”, – deyə İsrail baş naziri vurğulayıb.
Musavat.com

