ABŞ-ın Zərbxanası (U.S. Mint) son 100 ildə ilk dəfə qeyri-dairəvi formada xatirə sikkəsi istehsal edəcəyini açıqlayıb. Yeni sikkə ölkənin yaranmasının 250 illiyinə həsr olunacaq.
Editor.az xəbər verir ki, “Azadlığın Zəngi” (Liberty Bell) adını daşıyan xatirə sikkəsi zəng formasında hazırlanacaq. Onun ön hissəsində üzərində məşhur çat izi olan Azadlıq Zənginin təsviri, “Liberty” yazısı, 1776–2026 tarixləri və ABŞ-ın milli şüarı olan “In God We Trust” (“Tanrıya güvənirik”) ifadəsi yer alacaq.
Sikkənin arxa tərəfində isə bayram atəşfəşanlığı fonunda ABŞ-ın tarixi simvollarından biri olan Independence Hall binası təsvir ediləcək. Həmçinin burada “United States of America” yazısı və ölkənin rəsmi latın şüarı “E Pluribus Unum” (“Çoxluqdan birlik”) həkk olunacaq.
ABŞ-da xatirə sikkələrinin buraxılması uzun illərə söykənən ənənələrdən biridir. İndiyədək ən populyar nümunələrdən biri 1986-cı ildə Azadlıq Heykəlinə həsr olunan və təxminən 15,5 milyon nüsxə tirajla istehsal edilən sikkə hesab olunur. Bundan başqa, Corc Vaşinqtonun anadan olmasının 250 illiyi, 1984-cü il Los-Anceles Yay Olimpiya Oyunları və ABŞ Konstitusiyasının 200 illiyi münasibətilə də xüsusi xatirə sikkələri buraxılıb.
Yeni zəng formalı xatirə sikkəsinin satışına 16 iyul 2026-cı il tarixindən başlanılması planlaşdırılır.
//Gülnarə Abasova, Editor.az

