Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü, digər şəxsin isə xəsarət alması ilə nəticələnən qəzada təqsirləndirilərək azadlıqdan məhrum edilən TikToker Arzum9999 kimi tanınan İlduzə Hacıyeva barəsində çıxarılan hökmdən apellyasiya şikayəti verilib.
Maraqlıdır, Azərbaycan qanunvericiliyinə əsasən ona təyin olunmuş həbs cəzasının azaldılması və ya yüngülləşdirilməsi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Mehman Muradlı bildirib ki, məhkəmə hökmü iş üzrə toplanmış sübutlar və ekspert rəyi əsasında çıxarıb.

Mehman Muradlı
Onun sözlərinə görə, cəzanın yüngülləşdirilməsi üçün əsas şərtlərdən biri zərərçəkmiş tərəflə barışığın əldə olunmasıdır:
“Məhkəmə ekspert rəyi əsasında hökm çıxarıb. Qarşı tərəflə barışıq olarsa, bu, cəzanın azaldılmasına təsir göstərə bilər. Bundan başqa, şəxsə iki maddənin məcmusu ilə cəza təyin edilib. Burada ən azı 264-cü maddə üzrə vəziyyət dəyişməlidir ki, onun həbsdən azad olunması məsələsinə baxmaq mümkün olsun.”
Hüquqşünas qeyd edib ki, hadisə yerini tərk etmək məsuliyyəti daha da ağırlaşdıran amillərdən biridir:
“Yol-nəqliyyat hadisəsinin özü ehtiyatsızlıqdan törədilən əməl sayılır. Lakin hadisə yerindən qaçmaq artıq qəsdən törədilmiş hərəkət kimi qiymətləndirilir. Buna görə də məsuliyyət ağırlaşır.”
Ekspertin sözlərinə görə, cəzanın yüngülləşdirilməsi üçün tərəflər arasında barışıq əldə olunmalı və hadisə yerini tərk etmə ilə bağlı irəli sürülmüş ittiham üzrə hüquqi qiymətləndirmə dəyişməlidir:
“Tərəflə mütləq barışıq olmalıdır. Eyni zamanda, 264-cü maddə üzrə icraata xitam verilməsi məsələsi həllini tapmalıdır. Yalnız bundan sonra cəzanın yüngülləşdirilməsi və ya şəxsin azadlığa buraxılması məsələsi hüquqi müstəvidə müzakirə oluna bilər”, – deyə Mehman Muradlı vurğulayıb.

