İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-dan gələn təhdidlərin davam edəcəyi təqdirdə Tehranın Vaşinqtonla yekun saziş üzrə danışıqlara başlamayacağını bəyan edib. O, bu mövqeyini Anlaşma Memorandumunun 13-cü bəndinə istinad edərək əsaslandırıb və qarşı tərəfi üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırıb.
ABŞ–İran münasibətlərində qarşılıqlı ittihamlar və sərt ritorikanın yenidən ön plana çıxması danışıqlar prosesinin gələcəyi ilə bağlı sualları artırır. Rəsmi Tehranın son bəyanatı tərəflər arasında etimad böhranının hələ də aradan qalxmadığını göstərməklə yanaşı, mümkün razılaşmanın taleyinin siyasi iradə və qarşılıqlı öhdəliklərə əməl olunmasından asılı olduğunu bir daha gündəmə gətirir. Mövzunu Editor.az-a siyasi analitik Aydın Quliyev şərh edib.
Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, ABŞ–İran münasibətlərində qarşılıqlı etimadsızlıq o qədər dərin xarakter alıb ki, istənilən sərt bəyanat və ya kiçik siyasi gərginlik danışıqlar prosesini çıxılmaz vəziyyətə sala bilər:
“Sülh prosesinin dayanması hərbi qarşıdurmanın yenidən alovlanması riskini də artırır. Hazırkı mərhələdə İranın ABŞ ilə müəyyən razılaşmaya nail olmaqda maraqlı olduğu aydındır. ABŞ administrasiyası, xüsusilə də Donald Trampın siyasi maraqları baxımından, Tehranla hansısa formatda saziş əldə edilməsində maraqlıdır. Lakin tərəflər arasında razılaşdırılması son dərəcə çətin olan fundamental məsələlər mövcuddur.
İsrailin bölgədə həyata keçirdiyi siyasət və Livanda gərginliyin tam aradan qalxmaması ABŞ–İran münasibətlərinin normallaşması qarşısında əsas maneələrdən biri olaraq qalır. İran Yaxın Şərqdəki müttəfiqləri olan HƏMAS və Hizbullahı siyasi və hərbi baxımdan tək buraxmaq niyyətində deyil. ABŞ və İsrailin bu qüvvələrin tərksilahı məsələsində israrlı mövqeyi isə Tehranı mümkün razılaşmalara daha ehtiyatla yanaşmağa sövq edir.
Digər mühüm məsələ İranın nüvə proqramıdır. Tehran öz maraqlarını təmin edən hüquqi və siyasi mexanizmlər formalaşmadan bu istiqamətdə yekun razılaşmaya həvəslə getməyəcək. Eyni zamanda, Hörmüz boğazı üzərində nəzarət məsələsi də tərəflər arasında ən həssas mövzulardan biridir. İran bu strateji bölgədə mövqelərini zəiflətmək istəmir, ABŞ isə nəzarətin yalnız Tehranın əlində qalmasını qəbul etmir.
Bundan başqa, İranın dondurulmuş maliyyə aktivlərinin taleyi də danışıqlar paketinin əsas elementlərindən biridir. Tehran bu məsələdə öz maraqlarını təmin edən aydın mexanizmlər görmədiyi təqdirdə sazişin imzalanmasına ciddi maraq göstərməyəcək. Digər tərəfdən, ABŞ İranın zənginləşdirilmiş uranı ilə bağlı irəli sürdüyü planın tam şəkildə reallaşdırılmasını istəyir.”
A.Quliyevin sözlərinə görə, sadalanan bütün amillər tərəflərin mövqeləri arasında ciddi fikir ayrılıqlarının davam etdiyini göstərir:
“Etimadsızlıq dərin olaraq qalır və bu səbəbdən istənilən mərhələdə danışıqların pozulması riski mövcuddur. ABŞ siyasətində, xüsusilə də Donald Trampın çıxışlarında sərt və təhdidedici ritorikaya tez-tez rast gəlinir. Əgər Tehran belə açıqlamalardan danışıqların dayandırılması üçün əsas kimi istifadə edərsə, bunun məsuliyyəti yalnız İranın üzərində olmayacaq. Çünki qarşılıqlı etimadın formalaşmasına mane olan ritorika danışıqlar prosesinə mənfi təsir göstərən əsas amillərdən biridir”.
//Gülnarə Abasova, Editor.az

