Astronomların hesablamalarına görə, 2029-cu il aprelin 13-də Yerə maksimum yaxınlaşacaq Apofis asteroidi planet əhalisinin təxminən 90 faizi, yəni 7,6 milyard insan tərəfindən adi gözlə müşahidə edilə biləcək.
Editor.az xəbər verir ki, bu barədə Space.com portalı məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, Apofis gecə səmasında parlaq nöqtə kimi görünəcək və təxminən bir dəqiqə ərzində tam Ay diskinin diametrinə bərabər məsafəni qət edəcək. Bu, son illərin ən diqqətçəkən astronomik hadisələrindən biri hesab olunur.
Bununla belə, asteroidin görünməsi hava şəraiti və işıq çirklənməsi kimi amillərdən asılı olacaq. Buludluluq və şəhərlərdə güclü süni işıqlandırma bəzi bölgələrdə müşahidələri çətinləşdirə bilər.
Qeyd edək ki, Apofis Yer üçün potensial təhlükəli asteroidlər siyahısına daxil edilsə də, hazırkı hesablamalara əsasən onun 2029-cu ildə planetimizlə toqquşacağı gözlənilmir. Bu yaxınlaşma alimlərə asteroidin xüsusiyyətlərini daha ətraflı öyrənmək üçün nadir imkan yaradacaq.
//Gülnarə Abasova, Editor.az

