ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun İranla münaqişənin diplomatik yollarla həllinə hələ də açıq olduğunu bildirib.
Editor.az xəbər verir ki, o , bu barədə CNN telekanalına müsahibəsində danışıb.
Rubionun sözlərinə görə, ABŞ münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir. Bununla belə, o vurğulayıb ki, diplomatik səylər nəticəsiz qalacağı təqdirdə, bunun İran üçün ağır nəticələri ola bilər.
ABŞ dövlət katibi eyni zamanda İranı Hörmüz boğazında gəmilərə qarşı hücumlar təşkil etməkdə ittiham edib. O bildirib ki, Tehran bir tərəfdən danışıqlara hazır olduğu barədə siqnallar verir, digər tərəfdən isə raket və pilotsuz uçuş aparatları ilə dəniz nəqliyyatına zərbələr endirməyə davam edir.
“Onlar danışmaq və danışıqlar aparmaq istədiklərini bildirirlər. Lakin biz onların sözlərinə deyil, davranışına baxırıq. Onların davranışı isə gəmilərə, o cümlədən ötən gecə raket və dron zərbələri endirməkdən ibarətdir”, – deyə Rubio vurğulayıb.
Bundan əvvəl İran rəsmiləri ABŞ-ın hücumları davam etdirəcəyi halda əməliyyatların daha genişmiqyaslı mərhələyə keçəcəyi barədə xəbərdarlıq etmişdilər. İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi bildirib ki, ölkənin cənub sahillərində və Hörmüz boğazında vəziyyət sabitləşənədək zərbələr davam etdiriləcək.
//Gülnarə Abasova, Editor.az

