Həkim günvurmanın əsas əlamətlərini açıqlayıbbackend

Həkim günvurmanın əsas əlamətlərini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yay aylarında bir çox insan halsızlıq, baş ağrısı və başgicəllənməsini adi isti hava ilə əlaqələndirərək buna əhəmiyyət vermir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu əlamətlər orqanizmin həddindən artıq qızması nəticəsində yaranan və həyati təhlükə daşıyan günvurmanın göstəricisi ola bilər.

Editor.az xəbər verir ki, bu barədə SM-Clinic tibb mərkəzinin terapevti Yunna Rozonova məlumat verib.

Həkimin sözlərinə görə, günvurma yalnız günəşin altında uzun müddət qalmaq nəticəsində baş vermir. Bu hal havasız otaqlarda, kondisionersiz avtomobillərdə və ya isti havada ağır fiziki fəaliyyət zamanı da yarana bilər.

Mütəxəssis bildirib ki, günvurmanın ilkin əlamətləri arasında güclü halsızlıq, baş ağrısı, başgicəllənmə, ürəkbulanma, ürək döyüntüsünün sürətlənməsi və bədənin həddindən artıq qızması hissi yer alır.

Onun sözlərinə görə, bədən hərarəti 39–40 dərəcəyə və daha yuxarı qalxa bilər. Vəziyyət ağırlaşdıqca şüurun bulanması, koordinasiya pozğunluğu, yuxululuq, ağır hallarda isə huşun itməsi və qıcolmalar müşahidə olunur. Həkim qeyd edib ki, günvurmanı adi qızmadan fərqləndirən əsas xüsusiyyət nevroloji əlamətlərin meydana çıxmasıdır.

Rozonova vurğulayıb ki, ilk simptomlar hiss olunan kimi insan dərhal isti mühitdən uzaqlaşdırılmalı, sərin və ya kölgəli yerə aparılmalı, artıq geyimləri çıxarılmalı və təmiz hava ilə təmin edilməlidir. Daha sonra bədənin soyudulmasına başlanmalıdır.

Bunun üçün boyun, qoltuqaltı və qasıq nahiyəsinə sərin, nəm dəsmalların qoyulması, bədənə sərin su vurulması və ya soyuq kompres tətbiq edilməsi tövsiyə olunur. Əgər insanın huşu özündədirsə və sərbəst udquna bilirsə, ona az miqdarda sərin su içirilməlidir.

Həkim həmçinin bəzi yanlış müdaxilələrdən çəkinməyi tövsiyə edib. Belə ki, insanın qəfil buzlu su ilə soyudulması və ya buz vannasına salınması damar spazmına səbəb ola və bədənin istilik mübadiləsini poza bilər. Bundan başqa, spirtli içkilər, tünd qəhvə və enerji içkiləri qəbul etmək məsləhət görülmür, çünki onlar susuzlaşmanı daha da artırır. Huşunu itirmiş və ya şüuru bulanıq olan şəxsə isə boğulma riski səbəbindən maye verilməməlidir.

Terapevt bildirib ki, bədən hərarəti yüksək olaraq qalırsa, huşun itməsi, qıcolma, güclü şüur pozğunluğu müşahidə olunursa və ya soyutma tədbirlərindən sonra da əlamətlər aradan qalxmırsa, dərhal təcili tibbi yardım çağırılmalıdır.

Onun sözlərinə görə, günvurma təxirəsalınmaz tibbi müdaxilə tələb edən ciddi sağlamlıq problemidir.

//Gülnarə Abasova, Editor.az