Kuba hökuməti ABŞ ilə münasibətlərdə artan gərginlik fonunda sərt açıqlamalar verib.
Editor.az xəbər verir ki, Kubanın xarici işlər naziri Bruno Rodriges Vaşinqtonun mümkün hərbi müdaxiləsinin “humanitar fəlakət” və böyük insan itkiləri ilə nəticələnə biləcəyini bildirib.
Rodriges sosial şəbəkə hesabında paylaşdığı açıqlamada qeyd edib ki, ABŞ-ın Kubaya qarşı hərbi addım atması üçün heç bir əsas yoxdur. Onun sözlərinə görə, belə bir ssenari həm Kuba, həm də ABŞ vətəndaşlarının həyatına ciddi təhlükə yarada bilər.
Gərginliyin artması Donald Tramp administrasiyasının son açıqlamalarından sonra daha da diqqət mərkəzinə düşüb. Tramp daha əvvəl Kubaya dair “çox gec olmadan razılığa gəlməlidirlər” mesajı vermiş və İran məsələsindən sonra Havana ilə bağlı addımlar ata biləcəklərini bildirmişdi.
BMT və beynəlxalq təşkilatlar isə artıq Kubada dərinləşən enerji və sosial böhranla bağlı xəbərdarlıqlar edir. Bildirilir ki, ABŞ sanksiyaları və enerji məhdudiyyətləri ölkədə elektrik, ərzaq və səhiyyə sahələrində ciddi problemlər yaradıb.
Ekspertlərin fikrincə, Vaşinqton və Havana arasında qarşıdurmanın daha da dərinləşməsi Latın Amerikasında yeni geosiyasi risklər yarada və regiondakı sabitliyə təsir göstərə bilər.
//Gülnarə Abasova, Editor.az


