Yüksək xolesterini olanlara həftəlik pendir norması açıqlandıbackend

Yüksək xolesterini olanlara həftəlik pendir norması açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dietoloqlar yüksək xolesterin səviyyəsi olan şəxslərə həftə ərzində 80–100 qramdan artıq pendir istehlak etməməyi tövsiyə edirlər. Mütəxəssislərin fikrincə, pendirin həddindən artıq qəbulu ürək-damar sistemi üçün əlavə risklər yarada bilər.

Editor.az xəbər verir ki, ABŞ-ın Klivlend Klinikasının dietoloqu Culiya Zumpano bildirib ki, pendir faydalı qida maddələri ilə zəngin olsa da, yüksək kalorili məhsuldur və həddindən artıq istehlak edildikdə çəki artımına, həmçinin sağlamlıq problemlərinə səbəb ola bilər. Onun sözlərinə görə, bəzi hallarda cəmi bir neçə dilim pendirin kalorisi tam bir yeməyin kalorisinə bərabər ola bilər. Buna görə də gündəlik istehlakın təxminən 30–40 qramla məhdudlaşdırılması məqsədəuyğun hesab edilir.

Mütəxəssis xüsusilə yüksək arterial təzyiq və yüksək xolesterin problemi olan insanların pendir istehlakına diqqətlə yanaşmalı olduğunu vurğulayıb. Bir çox pendir növünün tərkibində yüksək miqdarda duz və doymuş heyvani yağlar mövcuddur ki, onların artıq qəbulu ürək-damar sisteminə mənfi təsir göstərə bilər.

Dietoloqun izahına görə, orqanizmdə duzun çox olması qan dövranındakı mayenin həcmini artırır. Bu isə damar müqavimətinin və arterial təzyiqin yüksəlməsinə səbəb olur.

Culiya Zumpano yüksək xolesterini olan insanlara həftə ərzində 80–100 qramdan artıq pendir yeməməyi tövsiyə edib. O, həmçinin böyrək xəstəlikləri və maddələr mübadiləsi pozğunluğu olan şəxslərin də bu məhsulu normadan artıq istehlak etməməsinin vacibliyini qeyd edib.

Bununla yanaşı, mütəxəssis pendirdən tamamilə imtina etməyin zəruri olmadığını bildirib. Onun sözlərinə görə, bəzi insanlar daha uyğun tərkibli pendir növlərinə – kəsmik, mozzarella, İsveçrə pendiri, parmezan və ya feta pendirinə üstünlük verə bilərlər. Dietoloq hesab edir ki, əsas məsələ pendirin özü deyil, onun miqdarı və istehlak tezliyidir.

//Gülnarə Abasova, Editor.az