Alimlər müəyyən ediblər ki, ağcaqanadların insanlara marağı təkcə qan qrupu və ya bədən istiliyi ilə bağlı deyil. Araşdırmanın nəticələrinə görə, həşəratlar əsasən dəri qoxusu, uçucu kimyəvi maddələr və dəri mikrobiomunda yaşayan bakteriyaların müəyyən kombinasiyalarına reaksiya verirlər.
Editor.az xəbər verir ki, tədqiqatın nəticələri iScience jurnalında dərc olunub.
Beynəlxalq Florida Universitetinin mütəxəssisləri 119 könüllünün iştirakı ilə eksperiment aparıblar. Tədqiqat zamanı iştirakçıların dəri qoxusu, uçucu üzvi birləşmələrin tərkibi və əllərindəki bakterial mikrobiom analiz edilib. Daha sonra bu göstəricilər müxtəlif növ ağcaqanadların iştirakçılara nə dərəcədə maraq göstərməsi ilə müqayisə olunub.
Araşdırma göstərib ki, eyni insan bir ağcaqanad növü üçün son dərəcə cəlbedici olduğu halda, digər növ üçün demək olar ki, maraq doğurmaya bilər. Alimlər bütün ağcaqanad növlərini eyni dərəcədə cəlb edən heç bir iştirakçı aşkar etməyiblər.
Mütəxəssislər müəyyən ediblər ki, ağcaqanadlar dəridəki bəzi bakteriyalar və kimyəvi maddələrin xüsusi birləşmələrinə üstünlük verirlər. Bəzi mikroorqanizmlər insanı bütün araşdırılan ağcaqanad növləri üçün daha cəlbedici etsə də, digərləri müəyyən növləri uzaqlaşdıraraq seçici təsir göstərir.
Alimlərin fikrincə, əldə olunan nəticələr gələcəkdə ağcaqanad sancmalarının qarşısını alan daha effektiv qoruyucu vasitələrin hazırlanmasına kömək edə bilər. Həmçinin bu məlumatlar ağcaqanadlar vasitəsilə yayılan yoluxucu xəstəliklərlə mübarizədə yeni yanaşmaların tətbiqinə imkan yarada bilər.
//Gülnarə Abasova, Editor.az

