ABŞ-la danışıqlar bitdi: İranın növbəti gedişi nə olacaq? – Bakı üçün kritik sualbackend

ABŞ-la danışıqlar bitdi: İranın növbəti gedişi nə olacaq? – Bakı üçün kritik sual

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın ABŞ-la aparılan danışıqlardan “qalib” ayrılması regionda yeni geosiyasi dinamika formalaşdırır. Bu prosesin təkcə Tehran-Vaşinqton münasibətlərinə deyil, həm də Cənubi Qafqazdakı güc balansına təsir göstərə biləcəyi ehtimalları gündəmdədir. Eyni zamanda, İranın əldə edə biləcəyi diplomatik üstünlüyü regional siyasətdə, o cümlədən Azərbaycanla münasibətlər kontekstində istifadə etməsi barədə müxtəlif baxışlar mövcuddur.

Paralel olaraq, Tehranın Ermənistanla münasibətlərində mümkün fəallaşma və İrəvana dəstəyin artması fonunda Bakı-İrəvan sülh prosesinə təsir imkanları da diqqət çəkir. Azərbaycanda formalaşan əsas yanaşmalardan biri İranın Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına maraqlı olmadığı istiqamətindədir. Digər tərəfdən, Ermənistanın konstitusiya dəyişikliyi və Azərbaycana, eləcə də Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı referendum məsələsində siyasi iradə nümayiş etdirməməsi fonunda Tehran-İrəvan xəttində regional maraqlar üzrə yeni yaxınlaşma ehtimalları da müzakirə olunur.

Globalinfo.az-a danışan siyasi şərhçi Bakir Həsənbəyli deyib ki, Pakistan və Qətərin vasitəçiliyi ilə İsveçrədə İran və ABŞ arasında texniki danışıqlar artıq başa çatıb:

“Tərəflər görüşlərin növbəti mərhələsinə hazırlaşırlar. İranın texniki danışıqlar qrupunun rəhbəri Qəribabadi dörd ölkənin iştirak etdiyi texniki danışıqların növbəti mərhələsinə hazırlıqların başa çatdığını elan edib. Texniki məsləhətləşmələr zamanı yaradılan dörd işçi qrupu sanksiyaların dayandırılması, nüvə məsələləri, yenidənqurma və iqtisadi inkişaf, eləcə də əldə edilmiş razılaşmaların monitorinqi və həyata keçirilməsi mövzularına diqqət yetirəcək.

Gərgin vasitəçilik Livan müharibəsinə də son qoyulması istiqamətində mühüm irəliləyişlərlə nəticələnib. İran tərəfi ölkənin neft və neft-kimya ixracına məhdudiyyətlərin ləğv edildiyini, blokadanın götürüldüyünü, dondurulmuş aktivlərin bir hissəsinin sərbəst buraxıldığını, eyni zamanda, İran üçün irimiqyaslı yenidənqurma və inkişaf planına start verildiyini iddia edir.

Qətər və Pakistan Xarici İşlər nazirlikləri isə İsveçrə sammiti ilə yüksək səviyyəli komitənin iclasına dair birgə bəyanat yayaraq ABŞ–İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsinin razılaşdırıldığını açıqlayıblar. Lakin real vəziyyət həmin üç ölkə rəsmilərinin beynəlxalq aləmə təqdim etdiyindən tam fərqlidir.

Əvvəla qeyd edim ki, bu müharibədə ABŞ məğlub olmadı. Tam əksinə, İran teokratik rejiminin 47 il öncədən formalaşdırdığı toxunulmazlıq zirehi zədələndi. ABŞ öz ərazisindən min kilometrlərlə uzaqda apardığı bu müharibəni uduzmaq üçün deyil, yeni dünya düzənində prinsiplərinin, yəni təkqütblü dünyada liderliyinin dominantlığını təsdiq etdi”.

bakir hesenbeyli

Bakir Həsənbəyli

Siyasi şərhçinin sözlərinə görə, Tramp administrasiyası ABŞ dərin dövlətinin bu komandanın qarşısına qoyduğu tələbləri ən uğurlu şəkildə icra edən siyasi hakimiyyətdir:

“Əslində, ABŞ dünyaya sübut etdi ki, qlobal siyasətdə onun iradəsindən kənarda nəyinsə baş verməsi mümkün deyil. ABŞ–İran münaqişəsinin pərdəarxası ABŞ-Çin mübarizəsidir. Bu, Qrenlandiya, Panama kanalı, Venesuela hadisələrində də belə idi. İran uzun illərdir ki, Çinin ucuz enerji təminatçısı rolunda idi. Ucuz enerji alışı Çin iqtisadiyyatının inkişafında olduqca əhəmiyyətli faktordur.

ABŞ İranla münaqişədə əsas iki amili nəzərdə tutmuşdu: dəniz keçidinə nəzarət və enerji resurslarının hasilatından əsaslı paya sahib olmaq. Düşünürəm ki, münaqişənin başa çatmasından 6 aydan 1 ilə qədər müddətdə biz bu hadisənin şahidi olacağıq. Təklif olunan 14 maddəlik sənəddə İranın üstünlüyü hiss oluna bilər. Sosial-iqtisadi çətinliklər içərisində olan İran ictimaiyyətinin sakitləşdirilməsi üçün razılaşdırılmış detallardır. Belə demək mümkündürsə, bu, ABŞ-ın İran rejiminə “qələbəni” keçirmək üçün verdiyi hədiyyədir. Böyük məqsədlər üçün imicin zədələnməsi kimi nüanslar epizodikdir.

Qeyd edilənləri nəzərə aldıqda, İranın Ermənistana hər hansı dəstək verməsi mümkün deyil. Çünki İran 10–15 il ərzində yalnız özünü toparlaya biləcək durumdadır. Bundan başqa, Ermənistan–ABŞ–Aİ münasibətləri inkişaf edən xətt üzrə gedir. Bu isə Ermənistanın İranla səmimi dost olmasına ciddi mane olacaq. Baş nazir Nikol Paşinyanın konstitusiya dəyişimini məqsədli şəkildə uzatmasına gəldikdə isə, artıq məhz bu məsələ ilə bağlı siyasi bleflər keçərli deyil. Ermənistan Rusiya orbitindən xilas olmaq istəyir. Xilas kodeksi isə Türkiyə və Azərbaycanla səmimi qonşuluq münasibətlərdən asılıdır”.