Alimlər çayın insan orqanizmini qəhvədən fərqli şəkildə canlandırmasının səbəbini açıqlayıblar. Araşdırmanın nəticələrinə görə, əsas rol çay yarpaqlarında olan, lakin qəhvə dənələrində rast gəlinməyən L-teanin adlı amin turşusuna məxsusdur.
Editor.az xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu Nature jurnalında dərc olunub.
Mütəxəssislər bildirirlər ki, qəhvə adətən güclü enerji artımı və sinir sisteminin aktivləşməsi ilə əlaqələndirilir, çay isə daha çox sakitlik və diqqətin cəmlənməsi hissi yaradır. Halbuki bu iki içkidəki kofein miqdarı arasındakı fərq düşündüyümüz qədər böyük deyil. Bir fincan çayda növündən asılı olaraq 14–61 mq, adi bir fincan qəhvədə isə 65–120 mq kofein ola bilər.
Tədqiqat müəlliflərinin fikrincə, fərqli təsirin səbəbi məhz kofeinlə L-teaninin birlikdə təsir göstərməsidir. Bu amin turşusu təbiətdə çox nadir hallarda rast gəlinir və əsasən çay bitkisində (Camellia sinensis) mövcuddur.
Aparılan bir sıra elmi araşdırmalar göstərib ki, L-teanin və kofeinin kombinasiyası diqqəti artırır, tapşırıqların daha dəqiq yerinə yetirilməsinə kömək edir və yorğunluq hissini azaldır. Eksperimentlər zamanı hər iki maddəni birlikdə qəbul edən iştirakçıların yalnız kofein qəbul edənlərlə müqayisədə daha yüksək koqnitiv göstəricilər nümayiş etdirdiyi müəyyən olunub.
Alimlər hesab edirlər ki, L-teanin beynin fəaliyyətini elə şəkildə dəyişdirir ki, kofeinin müsbət təsirlərini gücləndirir, eyni zamanda əsəbilik və həddindən artıq həyəcan kimi yan təsirləri zəiflədir. 2015-ci ildə aparılmış başqa bir araşdırma da göstərib ki, L-teanin təkbaşına məhdud təsir göstərsə də, kofeinlə birlikdə qəbul edildikdə diqqət və konsentrasiyanı daha effektiv şəkildə artırır.
Tədqiqat müəllifləri vurğulayırlar ki, bu nəticələr qəhvənin faydasız olduğu anlamına gəlmir. Əksinə, qəhvə istehlakı ürək-damar sistemi də daxil olmaqla bir sıra sağlamlıq üstünlükləri ilə əlaqələndirilir. Bununla belə, çayın yaratdığı sakit və balanslı ayıqlıq hissəsinin əsas səbəbinin L-teaninin mövcudluğu olduğu düşünülür.
//Gülnarə Abasova, Editor.az

