Rusiya-Ukrayna müharibəsində cəbhə xəttində baş verən son dəyişikliklər tərəflərin strateji hədəfləri və hərbi potensialı ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Xüsusilə Donetsk istiqamətində davam edən döyüşlər regionun gələcək təhlükəsizlik mənzərəsinə təsir göstərən əsas amillərdən biri kimi qiymətləndirilir. Mütəxəssislərin fikrincə, ayrı-ayrı yaşayış məntəqələri uğrunda gedən döyüşlər taktiki əhəmiyyət daşısa da, müharibənin ümumi gedişatını müəyyənləşdirən əsas faktor tərəflərin uzunmüddətli hərbi və iqtisadi resurslarıdır.
Siyasi analitik Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, Rusiya Donbasın tamamilə ələ keçirilməsi istiqamətində hərbi əməliyyatlarını genişləndirir və bununla cəbhə xəttində üstünlüyü ələ almağa çalışır:
“Çünki Donbasın tam ələ keçirilməsi Rusiyanın bunu öz qələbəsi kimi təqdim etməsinə imkan verəcək. Amma düşünürəm ki, bu şəhərin ələ keçirilməsi hələ müəyyən vaxt tələb edə bilər. Təbii ki, Rusiya bu istiqamətə kifayət qədər hərbi qüvvə cəmləşdirib. Bununla belə, böyük itkilər hesabına əldə olunacaq uğur yalnız Pirr qələbəsi xarakteri daşıya bilər.
Hazırda cəbhə xəttində döyüş əməliyyatları taktiki baxımdan nisbətən balanslı görünür. Çünki həm Rusiya, həm də Ukrayna qarşı tərəfə ciddi zərbələr endirir. Cəbhə xəttindəki döyüşlərlə yanaşı, tərəflər bir-birlərinin strateji hərbi obyektlərini raket zərbələri ilə hədəfə alırlar. Bu baxımdan vəziyyətin tam şəkildə hansısa tərəfin xeyrinə dəyişdiyini söyləmək çətindir.
Düşünmürəm ki, Rusiya hazırda cəbhə xəttində vəziyyətə tam nəzarəti ələ ala bilib. Düzdür, əvvəlki mərhələlərdə Rusiyanın üstünlüyü daha qabarıq hiss olunurdu. Lakin Ukrayna son bir il ərzində Rusiyanın irəliləyişini müəyyən dərəcədə dayandırmağa nail olub. Hazırkı mərhələdə Ukrayna və Rusiyanın mövqelərini ümumilikdə bir-birinə yaxın hesab etmək olar”.
//Gülnarə Abasova, Editor.az

