Aydın Quliyev: “ABŞ-İran danışıqları bərpa olunmasa, hərbi əməliyyatlar yenidən başlaya bilər”backend

Aydın Quliyev: “ABŞ-İran danışıqları bərpa olunmasa, hərbi əməliyyatlar yenidən başlaya bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-İran münasibətlərində növbəti dəfə müşahidə olunan gərginlik Yaxın Şərqdə təhlükəsizlik balansı ilə bağlı narahatlıqları artırır. Danışıqlar prosesinin dayanması və tərəflərin qarşılıqlı ittihamlarla çıxış etməsi regionda yeni siyasi böhran və ya məhdud hərbi eskalasiya ehtimalını yenidən gündəmə gətirir. Ekspertlərin fikrincə, mövcud vəziyyətin inkişafı ilk növbədə Vaşinqton və Tehranın diplomatik kanalları nə dərəcədə açıq saxlaya bilməsindən asılı olacaq.

Politoloq Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, İranla ABŞ arasındakı hərbi ziddiyyətlərin həlli üçün mühüm bir imkan yaranıb.

“Lakin təəssüf ki, tərəflər arasında yüksək səviyyədə etimadın olmaması bu fürsətdən tam istifadə imkanlarını məhdudlaşdırır. Xüsusilə tərəflərin bir-birinə hədə-qorxu dilində müraciət etməsi, eyni zamanda danışıqlar masası arxasında əyləşməsi olduqca anormal mənzərə yaradır. Biz tez-tez, xüsusilə də Donald Trampın çıxışlarında İranın ünvanına yönəlmiş hədələyici jest və bəyanatların şahidi oluruq. Maraqlıdır ki, ABŞ prezidenti danışıqlar prosesinin müxtəlif istiqamətləri ilə bağlı fikirlər səsləndirdikdən sonra tez-tez “İran bunu etməsə, onu belə cəzalandıracağam” məzmunlu təhdidedici ifadələr işlədir. Aydındır ki, etimadın olmaması ilə yanaşı, tərəflərin bir-biri ilə təzyiq və hədə-qorxu dilində danışması da razılaşma ehtimalını əhəmiyyətli dərəcədə azaldır. Təsadüfi deyil ki, bir sıra məsələlər üzrə razılığın əldə olunduğu təəssüratı yarandığı məqamda belə, səsləndirilən sərt bəyanatlar prosesi yarımçıq qoyur. Son günlər Trampın sərt ritorikası da İranın danışıqlar masasını tərk etməsinə səbəb oldu”.

Politoloqun sözlərinə görə, danışıqlarda irəliləyişə nail olmaq üçün nələrin vacib olduğunu hər iki tərəf yaxşı anlayır.

“Onsuz da ziddiyyətli məsələlərə ABŞ və İranın yanaşmaları kifayət qədər həssasdır və əksər hallarda bir-birindən ciddi şəkildə fərqlənir. Bəzi hallarda isə mövqelər kəskin ziddiyyət təşkil edir. Belə bir şəraitdə, heç olmasa danışıqların bərpasına nail olmaq üçün hədələyici ritorikadan geri çəkilməyin nə qədər vacib olduğunu tərəflərin hər ikisi anlayır. Lakin buna əməl edilməzsə, İran-ABŞ danışıqlarının növbəti mərhələsinin bərpası olduqca çətin olacaq. Danışıqlar prosesi bərpa olunmadığı müddətdə isə hərbi ritorikanın ön plana çıxması mümkündür. Əgər diplomatik prosesdə irəliləyiş əldə olunmasa, müəyyən müddətdən sonra hərbi əməliyyatların, hətta fasiləli zərbələr formasında olsa belə, yenidən başlama ehtimalı yüksəkdir. Bu isə vəziyyəti daha da gərginləşdirə bilər.

Eyni zamanda İsrailin yanaşması və atdığı addımlar da müəyyən korrektələr tələb edir. Çünki bəzən ABŞ və İranın müəyyən məsələlər üzrə razılaşmaya yaxınlaşdığı məqamlarda İsrail tərəfindən həyata keçirilən addımlar danışıqlar prosesinin yenidən pozulmasına səbəb olur. Buna görə də vəziyyətə kompleks yanaşmaq lazımdır. Həm tərəflər hərbi xarakterli hədələyici ritorikadan uzaq durmalı, həm də danışıqlar masasında real nəticə əldə etmək iradəsini ardıcıl şəkildə nümayiş etdirməlidirlər. Əks halda, sadəcə danışıq naminə aparılan danışıqların heç bir praktiki əhəmiyyəti olmayacaq.

Tərəflər real razılaşma iradəsi ortaya qoyana qədər hərbi əməliyyatların yenidən başlaması təhlükəsi gündəmdə qalacaq. Bununla belə, bu ehtimalı zəiflədən amillər də mövcuddur. Hazırkı mərhələdə nə Tramp administrasiyası, nə də İran üçün hərbi əməliyyatların yenidən başlaması arzuolunan deyil. Trampın mövcud şəraitdə atəşkəsin qorunmasına ehtiyacı var. İran isə ağır müharibə mərhələsindən çıxmış ölkə kimi yeni hərbi qarşıdurma halında əlavə zərbələrə məruz qala bilər. Buna görə də hər iki tərəfin marağı müəyyən müddət ərzində atəşkəs rejiminin qorunmasındadır. Lakin bu vəziyyət uzun müddət davam edə bilməz. Əgər uzunmüddətli siyasi razılaşma əldə olunmasa, müəyyən vaxtdan sonra hərbi əməliyyatların yenidən başlanması təhlükəsi real olaraq qalacaq”.

//Gülnarə Abasova, Editor.az