ABŞ Prezidenti Donald Tramp İranla hərbi əməliyyatların bir neçə həftə ərzində başa çatacağını düşünürdü.
Editor.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.
Qəzetin mənbələrinə görə, Tramp hazırda münaqişənin uzanmasından narazıdır. Bəzi prezident müşavirləri isə hesab edirlər ki, artıq bahalaşmaya, Trampın ictimai dəstək reytinqlərinin azalmasına və ABŞ ordusunun 10-dan çox hərbçisini itirməsinə səbəb olan İranla müharibə prezidentlik müddətini “udmağa” başlayıb. Onların fikrincə, bu vəziyyət Respublikaçılar Partiyasının Konqresə keçiriləcək aralıq seçkilərində onsuz da zəif görünən mövqelərinə də mənfi təsir göstərə bilər.
Mənbələrin sözlərinə görə, ABŞ prezidenti münaqişənin diplomatik yolla həll olunacağına getdikcə daha az inanır və artıq “qisas rejiminə” keçib. Bununla belə, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner İranla razılaşmanın əldə edilməsinin mümkün olduğunu düşünürlər.
ABŞ və İsrailin İrana qarşı “Epik qəzəb” (“Epic Fury”) adı ilə həyata keçirdiyi hərbi əməliyyatın fevralın 28-də başladığı bildirilir.
Martın sonunda The Wall Street Journal yazmışdı ki, Tramp hərbi əməliyyatları başa çatdırmağa hazırdır. Buna səbəb münaqişənin uzanaraq əvvəlcədən nəzərdə tutulan 4–6 həftəlik müddəti keçə biləcəyi ilə bağlı narahatlıqlar idi.
Bundan əvvəl isə ABŞ prezidenti İrana qarşı genişmiqyaslı hücum ehtimalını da istisna etməmişdi.
//Gülnarə Abasova, Editor.az

