ABŞ və İran arasında münasibətlərin gələcək trayektoriyası Yaxın Şərqdə təhlükəsizlik arxitekturasına, enerji və nəqliyyat marşrutlarının sabitliyinə, eləcə də region dövlətlərinin maraqlarına birbaşa təsir göstərə bilər. Mövcud mərhələdə tərəflər arasında diplomatik təmasların davam etməsinə baxmayaraq, hərbi-siyasi ziddiyyətlərin dərinliyi prosesin dayanıqlı razılaşma ilə nəticələnəcəyini qeyri-müəyyən edir. Xüsusilə Hörmüz boğazı ətrafında yaranan qarşıdurma və İranın regional müttəfiqləri ilə bağlı fikir ayrılıqları gərginliyin yalnız ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirilməsinə imkan vermir. Bu baxımdan, qarşıdakı dövrdə tərəflərin danışıqlara nə dərəcədə sadiq qalacağı və qarşılıqlı güzəştlərə hazır olub-olmayacağı əsas müəyyənedici amillərdən biri olacaq.
Siyasi analitik Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, ABŞ və İran arasında hərbi-siyasi gərginlik davam edir:
“Baxmayaraq ki, Pakistanın vasitəçiliyi ilə danışıqlar prosesi davam edir, Hörmüz boğazı və nüvə silahı ilə bağlı çox ciddi fikir ayrılıqları var. Amerika Birləşmiş Ştatları bir tərəfdən deyir ki, Hörmüzə nəzarət edir, amma İran tərəfi bunu təkzib edir və bildirir ki, nəzarət İranın əlindədir. Bəli, göründüyü kimi, təbii ki, burada İranın da mövqeyi haqlıdır, həmçinin Amerika Birləşmiş Ştatları da İrana qarşı dəniz blokadası tətbiq edib. Yəni görünən odur ki, İrandakı mövcud siyasi quruluş, xüsusilə Sepahın əsas güc sahibi olması, İranda bu danışıqlar prosesini uzadır. İndi prezident və onun administrasiyası Amerika ilə mümkün danışıqlarda və razılaşmada maraqlıdır, amma bu prosesi dalana dirəyən Sepahın qeyri-konstruktiv mövqeyidir. Amma gələcək perspektivdə Hörmüzlə bağlı müəyyən anlaşmalar da olsa, İranın yaxın şərtdə həyata keçirmək istədiyi hərbi-siyasi mövqeyi və strategiyası Amerika Birləşmiş Ştatları ilə yenidən gərginliyə gətirib çıxaracaq. Çünki İran Livanda “Hizbullah”a qarşı əməliyyatlara qarşıdır, həmçinin Yəməndə husiləri dəstəkləyir. Bir növ, proksi qüvvələrlə bağlı ABŞ və İran arasında dərin fikir ayrılıqları var.”
//Gülnarə Abasova, Editor.az

