Rusiya ilə Qərb arasında gərginlik fonunda Moskvanın Avropa ətrafındakı hərbi və hibrid fəaliyyətlərini artırdığı bildirilir. Rusiyanın Manş La-Manş boğazında davamlı hərbi dəniz patrulu təşkil etməsi və Avropada pilotsuz uçuş aparatları ilə bağlı insidentlərin artması NATO-nun müdafiə imkanları ilə bağlı narahatlıqları gücləndirib.
Rusiyanın “Neustrashimy” freqatı Manş boğazında patrul xidmətinə başlayıb. Gəminin bölgədə müşahidə və nəzarət fəaliyyəti həyata keçirdiyi, həmçinin sanksiyalara məruz qalan tanker donanmasına müşayiət etdiyi bildirilir.
Britaniya hərbi ekspertləri Rusiyanın daha müasir və uzaqmənzilli raketlərlə təchiz edilmiş hərbi gəmilərinin bölgəyə göndərilməsinin təhlükəsizlik baxımından daha ciddi nəticələr yarada biləcəyini düşünürlər. Bununla yanaşı, Britaniya Kral Donanmasının gəmi və şəxsi heyət çatışmazlığı ilə üzləşməsi də diqqət çəkir.
Avropada təhlükəsizlik narahatlıqları yalnız dənizlə məhdudlaşmır. Almaniya Baş Qərargahının rəhbəri general Karsten Breuer Rusiyanın pilotsuz uçuş aparatlarından istifadə etməklə Avropanın hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirdiyini və mümkün zəif nöqtələri müəyyənləşdirməyə çalışdığını bildirib.
Almaniya və digər NATO ölkələri Rusiyanın mümkün təhdidlərinə qarşı müdafiə imkanlarını gücləndirməyə çalışır. ABŞ-ın strateji diqqətinin getdikcə Çin və Hind-Sakit okean regionuna yönəlməsi isə Avropa dövlətlərini öz hərbi imkanlarını artırmağa vadar edir.
Bütün bunlar fonunda Britaniya sahillərində Rusiya hərbi gəmilərinin fəaliyyəti, Avropada pilotsuz uçuş aparatları və mümkün sabotajlarla bağlı insidentlər NATO-nun qarşıdakı dövrdə ciddi təhlükəsizlik çağırışları ilə üzləşə biləcəyinə dair narahatlıqları artırır.
Musavat.com

