Yay mövsümündə dəniz və hovuzda istirahət edənlərin göz sağlamlığı bir sıra risklərlə üzləşə bilər. Xüsusilə kontakt linzalardan düzgün istifadə edilməməsi ciddi fəsadlara, o cümlədən gözün buynuz qişasının iltihabına səbəb ola bilər.
Editor.az xəbər verir ki, bu barədə Moskvanın 3Z Oftalmoloji Klinikasının baş həkimi və lazer cərrahı Oksana Kuznetsova məlumat verib.
Həkimin sözlərinə görə, kontakt linzalar heç bir halda su ilə təmasda olmamalıdır. Bu qadağa kran, dəniz, göl və hovuz suyuna da aiddir.
Mütəxəssis bildirib ki, üzgüçülükdən əvvəl linzalar mütləq çıxarılmalıdır. Çünki suda yaşayan mikroorqanizmlər göz infeksiyalarının yaranma riskini artırır. Xüsusilə isti şirin su hövzələrində linza ilə çimmək Acanthamoeba adlı mikroorqanizmin törətdiyi akantameb keratitinin inkişafına səbəb ola bilər. Müalicəsi çətin olan bu xəstəlik görmə qabiliyyətinin ciddi zəifləməsinə, ağır hallarda isə korluğa gətirib çıxara bilər.
Kuznetsovanın sözlərinə görə, kontakt linza mikroorqanizmlərin gözün səthində qalmasına əlverişli şərait yaradır. Bu səbəbdən linza ilə çimmək yay istirahəti zamanı edilən ən təhlükəli səhvlərdən biri hesab olunur.
Həkim qeyd edib ki, görmə qüsuru olan və linzadan imtina edə bilməyən şəxslər üçün birdəfəlik linzalardan və kip oturan üzgüçülük eynəyindən istifadə müəyyən qədər riskləri azalda bilər. Bununla belə, ən təhlükəsiz seçim suda linzadan ümumiyyətlə istifadə etməmək və dioptriyalı üzgüçülük eynəyinə üstünlük verməkdir.
Mütəxəssis əlavə edib ki, linzasız çimən insanlarda da duzlu su, xlor, külək və qum səbəbindən gözlərdə qızartı, yanma, qum hissi və yaşarma yarana bilər. Bu əlamətlər adətən qısa müddətdə keçsə də, şikayətlər davam edərsə, güclənərsə, ağrı, işığa həssaslıq, gözdən ifrazat və ya görmənin zəifləməsi müşahidə olunarsa, mütləq oftalmoloqa müraciət etmək lazımdır.
//Gülnarə Abasova, Editor.az

