Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir şəraitdə informasiya məkanında müxtəlif proqnozlar, siyasi ehtimallar və psixoloji təsir xarakterli iddialar mütəmadi olaraq gündəmə gətirilir. Xüsusilə Kremlin gələcəyi və Vladimir Putinin siyasi taleyi ilə bağlı səsləndirilən fərqli fikirlər hərbi və diplomatik proseslərin fonunda daha geniş müzakirə olunur. Lakin bu cür iddiaları emosional yanaşmalarla deyil, Rusiyanın daxili siyasi sistemi, hakimiyyət ənənələri və mövcud geosiyasi reallıqlar prizmasından qiymətləndirmək daha obyektiv yanaşma hesab olunur.
Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətdən gedəcəyi və ya hakimiyyətinin sona çatacağı ilə bağlı müxtəlif proqnozlar və iddialar Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra mütəmadi şəkildə informasiya məkanına çıxarılır:
“Bu, əslində postmodern hibrid müharibələrinin mühüm tərkib hissələrindən və informasiya-psixoloji təsir vasitələrindən biridir. Rusiya dövlətçilik tarixi göstərir ki, I Pyotrdan etibarən ölkə ən mürəkkəb və çıxılmaz vəziyyətlərdən güclü lider formalaşdırmaq və onun ətrafında birləşmək yolu ilə çıxmağa çalışıb. Son 400 illik Rusiya tarixi Minin və Pojarski, I Pyotr, II Yekaterina, I Aleksandr, Stalin və bu gün Vladimir Putin kimi fiqurların timsalında bu ənənənin davam etdiyini nümayiş etdirir.
Bu tarixi təcrübə nəzərə alındıqda, Rusiyanın belə bir mərhələdə Putindən imtina edəcəyi və ya onu əvəzləyəcəyi real görünmür. Bu yalnız Rusiyanın Ukrayna cəbhəsində və paralel olaraq daxildə tam iflasa uğraması, mövcud siyasi sistemin fəaliyyət qabiliyyətini itirməsi halında mümkün ola bilər. Hazırkı mərhələdə isə belə bir vəziyyət müşahidə edilmir.
Vladimir Putinin dövlət idarəetmə sisteminin daxilindən yetişmiş siyasi fiqur olduğunu nəzərə alsaq, yaxın və orta perspektivdə onun hərbi-siyasi elita ilə ciddi qarşıdurma və ya anlaşılmazlıq yaşayacağı gözlənilən deyil. Bir neçə il əvvəl “Vaqner” silahlı birləşməsinin zərərsizləşdirilməsi göstərdi ki, Rusiya hərbi-siyasi elitasının formalaşmış ənənələri var və həmin ənənələrə sadiqlik qorunur.
Unutmaq olmaz ki, Ukrayna müharibəsi Rusiyanın öz terminologiyasında “xüsusi hərbi əməliyyat” kimi təqdim olunur və Moskva gələcəkdə daha genişmiqyaslı təhlükəsizlik çağırışları ilə üzləşəcəyini hesab edir. Bu baxımdan, Rusiyanı qarşıdakı dövrdə daha ciddi sınaqlar və çətinliklər gözləyir. Lakin düşünmürəm ki, rus siyasi ənənəsinə uyğun olaraq belə bir mərhələdə lider dəyişikliyinə gedilsin. Çünki bunun ölkəyə faydasından daha çox zərər gətirəcəyi qənaəti hakim elita daxilində üstünlük təşkil edir”.
//Gülnarə Abasova, Editor.az

