Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın “Rusiyaya qarşı heç bir addım atmamaq” vədini pozduğunu bildirib.
Xanım Zaxarova İrəvanda keçirilən Ermənistan-AB sammiti ilə bağlı şərh verib. Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Ermənistan Ukrayna prezidenti Vladimir Zelenskini nəinki “isti qarşılayıb”, həm də onun üçün “platformaya çevrilib”. Onun sözlərinə görə, Rusiya “həmişə qardaş ölkə hesab edilən” Ermənistanın bu hərəkətlərinə “dərin qəzəb” və “anlaşılmazlıq” ilə reaksiya verib. O, həmçinin bildirib ki, Moskva bu faktları “yadından çıxarmayacaq”.
Qeyd edək ki, ilk dəfə olaraq Ermənistan-AB sammiti və Avropa Siyasi Birliyinin səkkizinci sammiti 4-5 mayda İrəvanda keçirilib. Forum iştirakçılarına müraciət edən Vladimir Zelenski bildirib ki, “Ukrayna dronları Qırmızı Meydanda parad zamanı uça bilər” və hətta “onun üzərində partlaya bilər”.
Bu gün isə Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə Moskvada keçiriləcək 9 may şənliklərində iştirak etmək planının olmadığını bildirib.
//Samir Qurbanov, Editor.az

