Yay mövsümündə hovuz və açıq su hövzələrində çimən insanların tez-tez üzləşdiyi problemlərdən biri də “üzgüçü otiti” adlanan xarici qulaq iltihabıdır. Mütəxəssislər bildirirlər ki, sadə profilaktik tədbirlərə əməl etməklə bu xəstəliyin qarşısını almaq mümkündür.
Editor.az xəbər verir ki, rusiyalı otorinolarinqoloq Yana Novikovanın sözlərinə görə, çimdikdən sonra otitin yaranmaması üçün ilk növbədə qulaqları mümkün qədər quru saxlamaq lazımdır. Bunun üçün sudan çıxdıqdan sonra qulağın xarici hissəsi dəsmalla ehtiyatla qurulanmalı, baş yana əyilərək qulaqda qalan suyun axmasına şərait yaradılmalıdır. Zərurət olduqda başı yüngül şəkildə silkələmək də kömək edə bilər.
Həkim vurğulayıb ki, qulaq çöpləri və digər əşyalarla qulaq kanalını təmizləməyə çalışmaq düzgün deyil. Çünki qulaq kiri təbii qoruyucu funksiyası daşıyır, çöplər isə onu daha dərinə itələyərək dəriyə mikrozədələr yetirə bilər. Bu cür zədələr və qulaqda qalan nəmlik bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.
Mütəxəssis həmçinin çimmək üçün su hövzəsinin düzgün seçilməsinin vacibliyini qeyd edib. Xüsusilə isti və çiçəklənmiş, bakteriya və yosunların çox olduğu sularda infeksiya riski daha yüksək hesab olunur.
Otitə meyilli şəxslərə isə xüsusi su keçirməyən qulaq tıxaclarından və üzgüçülük papağından istifadə etmək tövsiyə edilir.
Həkimin sözlərinə görə, xarici otitin əsas əlamətləri qulaqda getdikcə güclənən ağrı, xüsusilə qulaq seyvanına toxunduqda və ya çəkdikdə ağrının artması, tutulma hissi, qaşınma, bəzi hallarda ifrazat və eşitmənin zəifləməsidir.
Müasir tibbi yanaşmaya əsasən, “üzgüçü otiti” əsasən yerli müalicə üsulları ilə aradan qaldırılır. Müalicə zamanı qulaq kanalı təmizlənir və tərkibində antibiotiklə iltihabəleyhinə komponent olan qulaq damcıları təyin edilir. İnfeksiya yayılmadığı hallarda əksər pasiyentlərə sistemli antibiotiklərə ehtiyac olmur. Düzgün müalicə tətbiq edildikdə ağrı adətən 1-2 gün ərzində azalır, tam sağalma isə təxminən bir həftə çəkir.
//Gülnarə Abasova, Editor.az

