Moskva Ermənistana ikinci sanksiya paketi hazırlayırbackend

Moskva Ermənistana ikinci sanksiya paketi hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasının yeni nəticələr doğura biləcəyi barədə iddialar səsləndirilir.

Yerli KİV-lərdə yayılan məlumatlara görə, bu gün Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin İrəvana gözlənilən səfəri Moskvanın narahatlığını artırıb və bunun fonunda Rusiyanın Ermənistana qarşı ikinci genişmiqyaslı sanksiyalar paketini hazırlaya biləcəyi ehtimal edilir.

Məlumatlarda bildirilir ki, bir neçə ay əvvəl Ermənistanda keçirilən Avropa yönümlü tədbirlərdən və xüsusilə Ukrayna Prezidenti Volodimir Zelenskinin səfərindən sonra Rusiya Ermənistan məhsullarına müəyyən ixrac məhdudiyyətləri tətbiq etmişdi. İndi isə bəzi erməni siyasi dairələri hesab edir ki, Avropa Komissiyası rəhbərinin 1–2 iyul tarixlərində baş tutacaq səfəri Moskvanın daha sərt addımlar atmasına səbəb ola bilər.

Picture background

Səfərdə Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosun da iştirakı nəzərdə tutulur. Erməni mənbələri bu səfəri baş nazir Nikol Paşinyana siyasi dəstək nümayişi kimi qiymətləndirirlər. Lakin eyni zamanda xəbərdarlıq edilir ki, mümkün Rusiya sanksiyalarının əsas yükü ölkə iqtisadiyyatının və sadə vətəndaşların üzərinə düşəcək.

Xəbərlərdə iddia olunur ki, artıq Ermənistanda seçkilərdən sonra iqtisadi sıxıntının ilk əlamətləri hiss edilməyə başlayıb. Belə ki, İrəvanda abadlıq və yaşıllaşdırma işlərinin əhəmiyyətli dərəcədə azaldığı, yolların təmiri və asfaltlama layihələrinin dayandırıldığı bildirilir.

Bundan başqa, pulsuz tibbi xidmətlərin həcminin azaldığı, bəzi dərman təminatında problemlərin yarandığı, əməliyyat növbələrinin artdığı qeyd edilir. Sosial yardım alan şəxslərin siyahısının da ixtisar edildiyi, pensiyalara edilən əlavələrin əsas gətirilərək minlərlə insanın sosial müavinətlərdən məhrum edildiyi iddia olunur.

Xəbərlərdə həmçinin aksiz vergilərinin artırılması nəticəsində siqaret, spirtli içkilər və yanacağın bahalaşacağı, mobil telefonlar üçün IMEI qeydiyyatı sisteminin tətbiqinin isə idxalçılar və istehlakçılar üçün əlavə maliyyə yükü yaradacağı vurğulanır.

Xəbərlərdə hökumətin seçkilərdən sonra yeni vergi və ödəniş mexanizmlərini mərhələli şəkildə tətbiq edəcəyi, iqtisadi yükün isə daha çox vətəndaşların üzərinə düşəcəyi iddia edilir. Qeyd edək ki, bu məlumatlar erməni mətbuatında və siyasi dairələrdə səsləndirilən iddialara əsaslanır. Rusiya tərəfindən Ermənistana qarşı yeni sanksiyalar paketinin hazırlanması barədə rəsmi təsdiq yoxdur.

Musavat.com