Yaşlı insanlarda C vitamini çatışmazlığının beyin sağlamlığına mənfi təsir göstərə biləcəyi müəyyən olunub.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, elmi jurnalda dərc olunan yeni araşdırma qan plazmasında C vitamini səviyyəsi aşağı olan yaşlı insanlarda beynin boz maddəsinin həcminin daha kiçik olduğunu və yaddaş, diqqət kimi idrak funksiyalarına cavabdeh olan “standart rejim şəbəkəsi”nin (Default Mode Network) funksional əlaqələrinin zəiflədiyini göstərib.
Araşdırma Hirosaki Universitetinin alimi Haruka Naqaya və həmkarları tərəfindən aparılıb. Tədqiqat çərçivəsində yaşı 64-dən yuxarı olan 2 044 yaponiyalı iştirakçının beyin MRT görüntüləri və qan plazmasında C vitamini səviyyəsi təhlil edilib.
Tədqiqatın əsas üstünlüklərindən biri C vitamini qəbulunun qidalanma sorğuları əsasında deyil, birbaşa qan nümunələri vasitəsilə ölçülməsi olub. Mütəxəssislərin fikrincə, bu metod orqanizmdə vitaminin real səviyyəsini daha dəqiq əks etdirir.
Yaş, fiziki aktivlik, təhsil səviyyəsi və digər amillər nəzərə alındıqdan sonra məlum olub ki, qanında C vitamini səviyyəsi aşağı olan iştirakçılarda beynin boz maddəsinin həcmi və standart rejim şəbəkəsi daxilində funksional əlaqələr əhəmiyyətli dərəcədə zəifdir. Bu şəbəkəyə avtobioqrafik yaddaş və özünüdərk üçün mühüm əhəmiyyət daşıyan posterior singulyar korteks, prekuneus və parietal nahiyələr daxildir.
Tədqiqat müəllifləri vurğulayıblar ki, araşdırma müşahidə xarakteri daşıyır və C vitamini çatışmazlığı ilə beyin funksiyalarındakı dəyişikliklər arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Onların sözlərinə görə, xüsusilə C vitamininin antioksidant xüsusiyyətlərinin beyin sağlamlığına təsirini müəyyənləşdirmək üçün əlavə elmi araşdırmalara ehtiyac var.
Tədqiqatın müəlliflərindən Tomohiro Şintaku bildirib ki, 2 mindən çox insanın məlumatları əsasında əldə edilən nəticələr C vitamini ilə zəngin qidalanmanın yaşlılıq dövründə beyin sağlamlığının qorunmasına töhfə verə biləcəyi ehtimalını gücləndirir. Bununla belə, bu ehtimalın təsdiqlənməsi üçün daha genişmiqyaslı tədqiqatların aparılması vacibdir.
//Gülnarə Abasova, Editor.az

