Elçin Əfəndi: “Repetitorlar yalnız yüksək nəticələri reklam edir, zəif nəticələri isə gizlədir”backend

Elçin Əfəndi: “Repetitorlar yalnız yüksək nəticələri reklam edir, zəif nəticələri isə gizlədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin ikinci cəhdi yaxın günlərdə keçiriləcək. II və III ixtisas qrupları üzrə imtahanlar iyulun 5-də, I və IV ixtisas qrupları üzrə isə iyulun 12-də təşkil olunacaq. Hazırda ikinci cəhddə iştirak edəcək abituriyentlər imtahanlara intensiv şəkildə hazırlaşırlar”.

Bu fikirləri Editor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi səsləndirib.

Ekspert bildirib ki, repetitor fəaliyyəti ilə bağlı cəmiyyətdə formalaşdırılan təsəvvür reallığı tam əks etdirmir. Onun sözlərinə görə, bir çox repetitor yalnız yüksək nəticə göstərən şagirdlərini ictimaiyyətə təqdim edir, zəif nəticə əldə edənlərin göstəricilərini isə gizlədir:

“Çox təəssüf ki, bu gün repetitorlar yalnız yüksək bal toplayan şagirdlərini reklam edirlər. Məsələn, 100 nəfər hazırladıqları halda, cəmi 15-20 nəfərin yüksək nəticəsini paylaşırlar. Qalan şagirdlərin nəticələri isə ümumiyyətlə ictimaiyyətə açıqlanmır. Halbuki həmin nəticələrə baxdıqda mənzərə heç də ürəkaçan deyil”.

Elçin Əfəndi bildirib ki, əlində onlarla, hətta yüzlərlə abituriyentin nəticəsi var və onların arasında illərlə repetitor hazırlığı keçməsinə baxmayaraq, olduqca aşağı nəticə göstərənlər az deyil:

“Əlimdə konkret faktlar var. Məsələn, bir abituriyent üç il riyaziyyatdan repetitor yanına gedib, lakin imtahanda faktiki olaraq sıfır nəticə göstərib. Fizikadan 150 mümkün baldan cəmi 6,1, kimyadan isə 100 baldan 9,8 bal toplayıb. Buraxılış imtahanında riyaziyyat üzrə nəticəsi də cəmi 6,3 bal olub. Bu, tək bir nümunə deyil. Belə nəticə göstərən çoxsaylı abituriyentlər repetitor hazırlığında olublar. Repetitorların yalnız uğurlu nəticələri ön plana çıxarması valideynlərdə yanlış təsəvvür yaradır”.

“Kiminsə yüksək nəticəsini göstərib bunu ümumi uğur kimi təqdim etmək doğru deyil. Bu, insanları aldatmaqdan başqa bir şey deyil. Reallıq bütün nəticələrin açıqlanması ilə ortaya çıxmalıdır”, – deyə o bildirib.

Elçin Əfəndi qeyd edib ki, Elm və Təhsil Nazirliyi məktəblərdə təmayülləşmə və yuxarı sinif şagirdlərinin ali məktəblərə hazırlığı istiqamətində mühüm addımlar atır. Məqsəd şagirdlərin keyfiyyətli təhsili məhz məktəbdə alması və repetitor asılılığının tədricən azalmasıdır.

Onun sözlərinə görə, cəmiyyətdə “repetitorsuz ali məktəbə qəbul olmaq mümkün deyil” fikri tamamilə yanlışdır.

“Ölkənin ucqar kənd və rayonlarında repetitor yanına getmədən ali məktəblərə qəbul olan çoxlu sayda abituriyent var. Bu fakt göstərir ki, repetitor asılılığı daha çox valideynlərin formalaşdırdığı psixoloji yanaşmadır. Valideynlər övladlarının təhsil prosesini yaxından izləməli, kiminsə reklamına aldanmamalıdırlar”, – deyə ekspert vurğulayıb.

Elçin Əfəndi əlavə edib ki, ali məktəbə qəbul üçün məktəblərlə yanaşı, nəticələri yüksək olan hazırlıq kursları da alternativ seçim ola bilər:

“Lakin fərdi hazırlıq adı altında çoxsaylı şagirdlərlə işləyən repetitorların yalnız uğurlu nəticələri reklam etməsi düzgün yanaşma deyil. Əgər bir şagird üç il repetitor yanında hazırlaşıb sonda 10 bal, hətta sıfır bal toplayırsa, bunun məsuliyyəti də müzakirə olunmalıdır. Yalnız yüksək nəticələri nümayiş etdirmək obyektiv yanaşma deyil. Düşünürəm ki, bu istiqamətdə həyata keçirilən tədbirlər qarşıdakı illərdə öz müsbət nəticəsini verəcək”.

// Gülnarə Abasova, Editor.az