Aralıqlı oruc tutmaq qidalanma pozuntusu olan insanlar üçün təhlükəli hesab olunur və bəzi hallarda problemin daha da ağırlaşmasına səbəb ola bilər.
Editor.az xəbər verir ki, barədə Qidalanma Pozuntuları Mərkəzinin həkim-psixiatrı Yekaterina Şaxova məlumat verib.
Mütəxəssisin sözlərinə görə, xüsusilə bulimiya və kompulsiv həddindən artıq yemə problemi yaşayan insanlara aralıqlı oruc tutmaq tövsiyə edilmir.
Həkim bildirib ki, bəzi araşdırmalar aralıqlı orucun metabolik sindromu olan müəyyən insanlar üçün faydalı ola biləcəyini göstərir. Lakin qidalanma pozuntusu olan şəxslərdə bu qidalanma rejimi ciddi risk yarada bilər.
Aralıqlı oruc “ac qalmaq – həddindən artıq yemək” dövrü yarada bilər
Şaxovanın sözlərinə görə, uzun müddət ərzində qida qəbulundan imtina etmək bəzi insanlarda mədə-bağırsaq sistemi ilə bağlı mövcud problemləri kəskinləşdirə bilər.
Bundan əlavə, aralıqlı oruc səhər yeməyindən imtinanı normallaşdıra bilər. Halbuki səhər yeməyini mütəmadi şəkildə buraxmaq bəzi qidalanma pozuntularının əlamətlərindən biri ola bilər.
Mütəxəssis qeyd edib ki, xüsusilə qidalanma pozuntusu olan insanlarda bu rejim “ac qalmaq və daha sonra həddindən artıq yemək” dövrünün yaranmasına səbəb ola bilər.
Həkim vurğulayıb ki, keçmişdə bulimiya və ya kompulsiv həddindən artıq yemə problemi yaşamış şəxslər üçün aralıqlı oruc əks göstəriş hesab olunur.
Qidalanma pozuntularının müalicəsində əsas məqsəd – nizamlı qidalanmadır
Mütəxəssisin fikrincə, qidalanma pozuntularının müalicəsi zamanı əsas diqqət qida qəbulunun nizamlı və strukturlaşdırılmış rejiminin bərpasına yönəldilməlidir.
Bu yanaşmaya əsasən, insan gün ərzində üç əsas qida qəbulu – səhər yeməyi, nahar və şam yeməyi təşkil etməlidir. Əsas yeməklər arasında təxminən 4–5 saatlıq fasilə olması, aclıq hiss edildikdə isə əlavə olaraq iki-üç ara öyünü qəbul edilməsi tövsiyə olunur.
Mütəxəssis hesab edir ki, qidalanma rejimi seçilərkən insanın yalnız çəki və arıqlamaq məqsədləri deyil, həm də psixoloji vəziyyəti, qidalanma davranışı və ümumi sağlamlıq durumu nəzərə alınmalıdır.
Nəticə olaraq, aralıqlı oruc hər kəs üçün universal və təhlükəsiz arıqlama üsulu hesab edilə bilməz. Xüsusilə qidalanma pozuntusu keçmişi olan insanlar belə bir rejimə başlamazdan əvvəl mütləq mütəxəssislə məsləhətləşməlidirlər.
//Gülnarə Abasova, Editor.az

