“Məktəbdə baş verənlər təsadüfi deyil”- Problemin gizli tərəfləri AÇIQLANDIbackend

“Məktəbdə baş verənlər təsadüfi deyil”- Problemin gizli tərəfləri AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlər məktəblərdə baş verən zorakılıq halları və xüsusilə silahlı insidentlər cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bu hadisələr bir daha göstərir ki, yeniyetmələrin psixoloji təhlükəsizliyi artıq yalnız ailə və məktəb məsələsi deyil, milli təhlükəsizlik və ictimai sabitlik kontekstində yanaşılmalı olan strateji mövzudur. Problemin kökü vaxtında aşkarlanmadıqda isə nəticələr ağır və geri dönməz olur.

Tanınmış psixoterapevt, psixoloq Elmir Əkbər Editor.az-a açıqlamasında bildirib ki, baş verənlər təsadüfi deyil və illərdir diqqət çəkilən problemlərin nəticəsidir:

“Bu, çox ağrılı və ciddi siqnaldır. Halbuki yeniyetmələrin destruktiv davranışları ilə bağlı təhlükələr uzun illərdir müzakirə olunur. Mənim elmi fəaliyyətim də məhz gənclər və onların dağıdıcı davranış modelləri ilə bağlıdır. Təəssüf ki, nə ailələrdə, nə də bəzi müəssisələrdə vaxtında qabaqlayıcı tədbirlər görülməyib.

Necə ki, vaxtilə müxtəlif adı altında yayılan təhlükəli maddələrin fəsadları barədə xəbərdarlıq edilirdi, amma məsələ böyüyüb hüquq-mühafizə orqanlarının müdaxiləsinə səbəb olandan sonra ciddi yanaşma formalaşdı, burada da eyni vəziyyəti görürük. Sanki cəmiyyət yalnız səs-küylü hadisədən sonra reaksiya verir. Halbuki bütün bu problemlərin kökü insan psixikasına və psixoloji xidmət sisteminin yetərincə formalaşmamasına gedib çıxır.

İstər ailədə, istərsə də məktəbdə əsas diqqət yetirilməli məqam yeniyetmənin psixi durumu, emosional vəziyyəti və onu əhatə edən mühitdir. Təəssüf ki, bəzi valideynlər psixoloqa müraciəti yanlış anlayır, bunu zəiflik və ya təhlükə kimi qəbul edirlər. Halbuki falçıya, qeyri-elmi şəxslərə müraciət etməkdən çəkinmirlər, amma peşəkar mütəxəssisə getmək istəmirlər. Bu yanaşma bugünkü fəsadlara zəmin yaradır.

Əslində, bu cür insidentlərin kökü illər əvvələ dayanır. Vaxtında aparılan psixoloji profilaktika ən güclü müdafiə mexanizmidir. Müalicədən daha önəmlisi qabaqlayıcı tədbirdir. Valideynlərin “əvvəllər psixoloq yox idi” arqumenti reallığı əks etdirmir. Çünki əvvəlki dövrdə sosial şəbəkələrin, dağıdıcı onlayn təsirlərin, kütləvi informasiya manipulyasiyalarının miqyası indiki səviyyədə deyildi. Bu gün yeniyetmələr tamamilə fərqli informasiya mühitində böyüyürlər və bu mühit ciddi nəzarət və düzgün istiqamətləndirmə tələb edir”.

Psixoloqun sözlərinə görə, ailələrin üzərinə düşən əsas məsələ övladları ilə açıq və etibarlı münasibət qurmaq, sevgi və anlayış mühiti formalaşdırmaqdır ki, yeniyetmə problemlərini gizlətməsin. Eyni zamanda, peşəkar psixoloji və psixoterapevtik dəstəyə vaxtında müraciət edilməlidir.

Ekspert vurğulayıb ki, məsələ yalnız ailə ilə məhdudlaşmır:

“Dövlət səviyyəsində sistemli və nəzarətli psixoloji xidmət mexanizmi yaradılmalıdır. Bu sahə institusional çərçivəyə salınmalı, məsul qurum tərəfindən tənzimlənməlidir. Necə ki, həkimlərə və müəllimlərə nəzarət mexanizmi var, psixoloji xidmət də rəsmi nəzarət altında olmalıdır. Əks halda, qeyri-peşəkar və saxta mütəxəssislər cəmiyyətin etimadını sarsıdır.

Peşəkar kadrların hazırlanması və cəlb olunması elmi mərkəzlərin – xüsusilə psixologiya sahəsində köklü ənənəsi olan ali təhsil ocaqlarının iştirakı ilə həyata keçirilməlidir. Müxtəlif təhsil və ictimai müəssisələrdə keyfiyyətli psixoloji xidmət təşkil olunarsa, risk qrupuna daxil olan yeniyetmələri vaxtında müəyyən etmək, onları düzgün istiqamətləndirmək və mümkün təhlükələrin qarşısını almaq mümkün olar.

Bununla yanaşı, internet və sosial şəbəkələrdə yayılmış destruktiv çağırışlara və zorakılığı təşviq edən məzmunlara qarşı daha ciddi nəzarət mexanizmləri tətbiq edilməlidir. Çünki bu platformalarda formalaşan zərərli təsirlər bir çox hallarda yeniyetmələrin davranış modelinə birbaşa təsir göstərir”.

Psixoloq hesab edir ki, psixoloji və psixoterapevtik xidmət sistemli şəkildə qurularsa, həm ailə institutunun möhkəmlənməsi, həm də məktəblərdə baş verən zorakılıq hallarının azalması istiqamətində real nəticələr əldə etmək mümkündür.

//Gülnarə Abasova, Editor.az